Azərbaycan Cüdo Federasiyasındakı dəyişiklik hər kəsə məlumdur. Quruma yeni prezident seçildi və başqa dəyişikliklər də gözlənilir.
Əvvəlki rəhbərliyin dövründə bir çox idmançının uğursuzluğuna səbəb olmuş federasiyadakı dəyişiklik hər kəsdə yeni ümidlər doğurub. Elə idmançılarda da, məşqçilərdə də...
Cüdo üzrə milli komandanın sabiq baş məşqçisi Ağayar Axundzadə də federasiyadakı dəyişikliyin idmançılarımızın xeyrinə olacağına inanır.
Ağayar Axundzadə Publika.az-a müsahibəsində son vaxtlardakı problemlərdən danışdı.
- Ağayar müəllim, federasiyadakı dəyişiklik barədə nə düşünürsüz?
- İndi federasiyamızın rəhbəri Rövnəq Abdullayevdir. Hələ ki, tam iş qurulmayıb. Hazırlıq gedir.
- Məşqçilərdən nə xəbər var?
- Məşqçilər hələ təyin olunmayıb. Hələ federasiya yeni qurulur. Dünya çempionatına komandanın hazırlığının müzakirəsi gedir. Rövnəq müəllim gələndən sonra ümidlər artıb. İnanırıq ki, bundan sonra inkişaf olacaq. Rəhbərliyin də fikirlərini dinlədik, anladıq ki, regionlarda da bu idman növünün inkişafına çalışırlar. Hazırda ən çox cüdoçular Bakı və Sumqayıt ərazisindən gəlir. Amma əsas məsələ regionlarda da cüdonu inkişaf etdirməkdir. Federasiyada seçkilər keçiriləndə də bunu qeyd etmişdik.
- Yəqin ki, sizin də federasiyada bir rolunuz olacaq?
- Görək də... İnşallah olar, mənə də burada bir iş ayırarlar. Olarsa, lap yaxşı...
- Hazırda federasiyadakı dəyişiklikləri yaxından izləyənlərdən birisiniz. Milli komandaya yeni cüdoçular cəlb edilirmi?
- Baxın, biz yeniyetmələri unutsaq, 5-6 il sonra böyüklərdən ibarət yığmamız inkişaf edə bilməyəcək, onlar da olmayacaq. Yəni bunlar pillə-pillə gedir. Yeniyetmələrə daha çox diqqət yetirməliyik. Çünki onlar bizim ehtiyat qüvvələrimizdir. Elə üzə çıxan idmançılar Elnur Məmmədli, Orxan Səfərov, Rüstəm Alimli – bunlar hamısı yeniyetmələrin milli komandasından gəliblər. Pillə-pillə yüksəliblər, gənclərə, daha sonra da böyüklərin millisinə qatılıblar. Buna görə deyirəm ki, gərək yeniyetmələri və gəncləri yaddan çıxarmayaq. Çünki onlar bizim gələcəyimizdir.
- Rəhbərlik baş məşqçi seçimində yerli mütəxəssisə üstünlük verəcək, ya əcnəbi məşqçiyə?
- Bu barədə dəqiq məlumatım yoxdur, əsas odur ki, kim gəlir-gəlsin cüdonun inkişafına çalışsın.
- Ağayar müəllim, son vaxtlar federasiyada işiniz nədən ibarət idi?
- Əvvəl baş məşqçi idim, 2012-ci ilin London Olimpiya Oyunları bitənə qədər. Daha sonra federasiyada çalışdım. Federasiyanın işlərinə kömək edirdim.
- Dəyişikliyə qədər, federasiyanın düşdüyü durumu, idmançıların zəif çıxışını və ürək açmayan nəticələri nə ilə əlaqələndirirsiz?
- Özünüz də gördünüz ki, idmançılarımız son vaxtlar mətbuata çıxdılar, şikayət ərizəsi yazdılar. Federasiyada bir az maliyyə problemləri oldu. İdmançının bir məqsədi olmalıdır. İdmançı psixoloji olaraq, idmana, məşqə köklənməlidir. Onların da fikirləri 3-4 tərəfə ayrılırdı. Fikirləşir ki, pulum yoxdur, maaş verilmir, əyin-başım yoxdur. Bu da cüdoçuların hazırlığına təsir edirdi.
Əsas odur ki, idmançının belə problemləri olmasın, qalanları həll olunandır.
Ancaq idmançı federasiyaya gəlib, maaşını tələb edir, qəzetə yazır, jurnala çıxır... Bu artıq onların hazırlığına təsir edirdi, düzgün iş deyildi. Çətinliklər var idi, idmançılar da dözə bilmirdilər. Cüdoçu fikirləşir ki, Avropa Çempionatına getməlidir. Anlayır ki, getməsə, növbəti Avropa Çempionatına düşmür, yaşı ötür. İdmançının da ömründə 1-2 dəfə özünü beynəlxalq arenalarda göstərmək şansı olur. Bu da alınmayanda...