Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" və "Qəbələ" komandalarının görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Klubun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin oyunlarını paytaxt klubuna məxsus "Bakcell Arena"da keçirdiyi üçün çempionat oyununun məkanı dəyişdirilib.
Əyalət klubunun beynəlxalq arenada Azərbaycanı təmsil etməsi nəzərə alınaraq bu cür addım atılıb. Hər iki klubun nümayəndələri arasında keçirilən görüşdən sonra razılığa gəlinib ki, ot örtüyünün yüklənməməsi, meydançanın normal vəziyyətdə qalması səbəbindən "Neftçi" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilsin.
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" qarşılaşması oktyabrın 18-də keçiriləcək. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində Almaniya "Borussiya"sı ilə oktyabrın 22-də üz-üzə gələcək.