Qurban Qurbanov "Zirə" oyunla (4:1) bağlı fikirlərini bildirib.
ANS PRESS-in məlumatına görə, "Qarabağ"ın baş məşqçisi bunları deyib: "5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Öz oyunumuzdan danışsaq, komanda pis futbol sərgiləmədi. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Zədəli oyunçularımız var. Hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır. Biz bu zədələri gözləyirdik".
Qurban Qurbanovun sözlərinə görə, Reynaldonun zədəsi ilə bağlı tam dəqiq məlumat yoxdur: "Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq. Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydançalara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.
Bu gün Topaz Premyer Liqasında VIII turun iki oyunu baş tutub. Avroliqada iştirak edən “Qəbələ” “Neftçi”nin qonağı olub. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb. Avropadakı digər təmsilçimiz “Qarabağ” isə "Zirə"ni qəbul edərək 4:1 məğlub edib. Turun ilk oyunu dünən keçirilib və "Kəpəz" "Rəvan"ı 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.