Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyaları üzrə ağır çəkidə dünya çempionu britaniyalı Tayson Fyuri ukraynalı Vladimir Kliçko ilə revanş döyüşündən sonra karyerasını başa çatdıracaq.
APA-nın məlumatına görə, T. Fyuri bunu “iFL TV”-nin efirində bildirib.
T.Fyuri deyib ki, boksdan yorulub, V.Kliço ilə revanş döyüşündən sonra bir daha döyüşmək istəmir: “Baxın, mənim qardaşlarım və atam necə kökdürlər, mən də növbəti görüşdən sonra onlar kimi olacam”.
T.Fyuri və V. Kliçko arasında revanş görüşü iyulun 9-da Mançesterdə təşkil ediləcək. T. Fyuri peşəkar karyerasında məğlub olmayıb, 18-i nokaut olmaqla, rinqdəki 25 görüşünün hamısında qalib gəlib. V. Kliçko isə peşəkar karyerasında 4 dəfə məğlubiyyətlə üzləşib, 53-ü nokaut olmaqla, 64 dəfə qalib gəlib.
Qeyd edək ki, keçən ilin noyabrında 12 raundluq döyüşdə T. Fyuri V. Kliçkoya hakimlərin yekdil qərarı ilə xal hesabı ilə qalib gəlib və WBO, WBA və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyaları üzrə ağır çəkidə dünya çempionu titulunu qazanıb. Sonradan titulunu qorumaq üçün görüşdən imtina etməsi səbəbindən IBF versiyası üzrə çempion titulundan məhrum edilib.