Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-Pri yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışda qadınlar arasında səngər stend atıcılığı üzrə yarışlar başa çatıb. Mayın 8-də keçirilən final yarışında Finlandiya idmançısı Makela-Nummela Satu birinci yeri, Rusiya atıcıları Yelena Tkaç ikinci və Lüdmila Pşenikova üçüncü yeri tutub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov təqdim edib. Mayın 9-da isə gənc oğlanlar arasında səngər stend atıcılığı üzrə yarışların final mərhələsi keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq 2014-cü ildən hər il keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışları mayın 16-dək davam edəcək.
Turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir. Qran-Pri yarışlarında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak edir. Bu yarış onlar üçün həm də Olimpiada ərəfəsində bir daha sınaq yarışları hesab olunur.