"Barselona"nın futbolçusu Andres İnyesta İspaniya futbol tarixinə düşüb.
Publika.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasında 29-cu titulu qazanıb.
Nəticədə İnyesta uzun illər "Barselona"da və İspaniya millisində komanda yoldaşı olmuş Xavi Ernandesi keçib. Belə ki, Xavi bunadək 28 titulla ən titullu ispaniyalı futbolçu idi.
İnyesta çempionluqlarının stabilliyin qarşılığında aldıqları mükafat olduğunu bildirib: "Bizə turnirin sonunadək dözmək lazım gəldi. Ancaq qələbə seriyamız La Liqanın sonunda bizə kömək oldu. Böyük üstünlüyümüz olsa da, rəqiblər mövsümün gedişində bizə çox yaxınlaşdılar. Ancaq sonda ən sabit komanda qalib gəlir. Çempionatda qalib olduğun mövsümü pis adlandırmaq olmaz".
Xatırladaq ki, dünya və Avropa çempionu da olan Andres bütün klub titullarını 2002-ci ildən şərəfini qoruduğu "Barselona"da qazanıb.