Bu günlərdə məşhur argentinalı futbolçu, “Barselona”nın hücumçusu Lionel Messi və atası Orasio Xorxu Messinin vergidən yayınmaları dünya mediasının əsas mövzularından biri oldu. Sən demə, futbol ulduzu və onun atası illərlə vergi ödəməkdən boyun qaçırıblar. Hətta Barselona şəhərinin vergi məmurunun 2007, 2008 və 2009-cu illərdə dövlətə vergi ödəmədiklərini əsas gətirərək, Messi və onun atasından məhkəməyə şikayət etdiyi bildirildi.
Vergidən yayınan məşhurlar
O da maraqlıdır ki, Messi 3 il ərzində nə az, nə də çox, təxminən 4 milyon avro dəyərində vergini ödəməkdən boyun qaçırıb. Elə buna görə də prokuror Rakel Amadonun təqdimatı ilə bu işə Messinin yaşadığı Barselonanın Qava bələdiyyəsində baxılacaq.
Tanınmış futbolçu isə Facebook-da yazdığı statusda bu qalmaqallı məsələ haqqında mətbuatdan oxuduğunu və təəccübləndiyini bildirdi: “Vergi öhdəliklərimizi həmişə yerinə yetirmişik. Hazırda nümayəndəmiz vəziyyəti aydınlaşdırır”.
Azərbaycanlı müğənnilər də Messi kimi danışır
Ötən ayın 24-də isə Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqladı. Maraqlıdır ki, Azərbaycanlı müğənnilərin əksəriyyətinin məsələyə reaksiyası Lionel Messinın fikirləri ilə üst-üstə düşürdü: “ Mən həmişə vergi borcumu ödəyirəm”, “Toy var ki, vergi də ödəyək?”, “Heç makiyajıma pul tapmıram, pul qazanıram ki, vergi də verim?” və s.
Bu iki faktı təsadüfən xatırlatmadıq. Məsələ burasındadır ki, əksər ölkələrdə olduğu kimi, təəssüf ki, Azərbaycanda da vergidən yayınma halları var. Və yalnız sadə adamlar deyil, tanınmışlar da bu məsələdə qanundan yan keçirlər. Başqa sözlə, vergidən yayınma sosial problem kimi aktuallığı saxlamaqdadır.
Fransada 90, Azərbaycanda 45,3 faiz
Qeyd edək ki, əksər ölkələrdə dövlət büdcəsinin gəlirləri ilk növbədə vergilər hesabına formalaşır. Məsələn, Fransada bu göstərici 90 faiz təşkil edir. Azərbaycanda isə dövlət büdcəsi gəlirlərinin 45,3 faizi vergilər hesabına formalaşır. Bu baxımdan vergidən yayınma hallarına qarşı mübarizənin nə qədər vacib olduğunu sübut etməyə ehtiyac yoxdur.
Vergi ödəməyən “çempionlar”
Vergilər nazirin müavini Sahib Ələkbərovun bildirdiyinə görə, dövlət büdcəsinə vergi borcunun həcmi bu il aprelin 1-i üçün 1,6 mlrd manat təşkil edib.
Ödəniş etməmək üzrə “çempionlar” tacirlər, ictimai iaşə təmsilçiləri, inşaatçılar, şou-biznes nümayəndələridir.
242 cinayət işi, 264 fiziki və 214 hüquqi şəxsin ölkədən çıxışına qadağa
2016-cı ilin 1-ci yarımilliyində isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 242 cinayət işi açılıb. Araşdırmalar zamanı 52 milyon 33 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Daha bir faktı qeyd edək. Bu ilin əvvəlindən iyul ayının 12-dək vergi borcunu ödəməyən 264 fiziki və 214 hüquqi şəxsin ölkədən kənara çıxması məhkəmənin qərarı ilə qadağan edilib.
Vergidən yayınma hansı məsuliyyət yaradır?
Bəs, vergidən yayınma nə ilə nəticələnə bilər və bu, hansı məsuliyyət yaradır?
Hüquqşünas Toğrul Məmmədovun sözlərinə görə, vergidən yayınma cinayət, inzibati və vergi qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə nəzərdə tutulmuş vergidən yayınma cinayəti xeyli miqdarda - yəni 20 000 manatdan 100 000 manatadək, külli miqdarda isə 10 0000 manatdan artıq məbləğdə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma olduqda baş vermiş hesab edilir: “CM-in 213-cü maddəsi ilə nəzərdə tutulmuş vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırma əməlləri fiziki şəxslər tərəfindən əsasən dövriyyənin həcmini azaltmaqla, xərclərini artıq göstərməklə, fəaliyyətlərinin bir hissəsini və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə, habelə saxta sənədlər təqdim etməklə törədilir.
Hüquqi şəxslər tərəfindən qeyd olunan cinayət əməli təşkilatın, müəssisənin həyata keçirdiyi kommersiya və ya başqa təsərrüfat-maliyyə əməliyyatlarının tam və ya qismən rəsmiyyətə salınmaması, vergi tutulması üçün əhəmiyyətli olan zəruri faktların qəsdən saxtalaşdırılmasına yönəldilmiş həqiqətə uyğun olmayan yalan məlumatların sənədlərə daxil edilməsi, əmlakın gizlədilməsi yolu ilə törədilir.
CM-nin 213.1-ci maddəsi ilə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cinayət mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə “xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür”.
Toğrul Məmmədov deyir ki, inzibati qaydada məsuliyyətə cəlb etmə yayınma az miqdarda olduqda baş verir: “ Az miqdar dedikdə 20000 manatadək olan məbləğ başa düşülür. İnzibati xətalar məcəlləsinin 460-cı maddəsinin qeyd olunur vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir”.
Vüqar Bayramov: “Vergi ödəmə mədəniyyətinin inkişaf etdirilməsi vacibdir”
Bəs, vergidən yayınma halları ilə mübarizədə hansı addımların atılması zəruridir?
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, vergiyə cəlb edilmədə birinci mexanizm güclü nəzarətin təşkilidir: “Digər tərəfdən, vergi ödəmə mədəniyyətinin inkişaf etdirilməsi də vacibdir”.
Onun sözlərinə görə, elə ölkələr var ki, orada elektron qaydada vergi ödənilməsi prosesi yoxdur. Ancaq vergi ödəmə mədəniyyəti olduğu üçün bu hallarla tez-tez rastlaşmırlar: “Azərbaycanda vergidən yayınma hallarına ən çox xidmət sektorunda rast gəlinir. Bu hallar əsasən, dövriyyənin gizlədilməsi, qeydiyyata alınması zamanı baş verir. Ümumiyyətlə isə bəzi xidmət sahələri qeyri-leqal fəaliyyətdədirlər. Belə sahələrdə bilərəkdən dövriyyə az göstərilir, vergidən qaçırlar. Bu baxımdan mərkəzləşmiş qaydada elektron xidmətin göstərilməsi vacibdir”.
Vüqar Bayramov hesab edir ki, ictimai iaşə və xidmət sektoruna nəzarətin gücləndirilməsi mütləqdir.
Əli Əlirzayev: “Vergidən yayınmanın qarşısı həm də iqtisadi yolla alınmalıdır”
İqtisadçı ekspert Əli Əlirzayev isə hesab edir ki, vergidən yayınmanın qarşısını yalnız inzibati deyil, həm də iqtisadi yolla almaq lazımdır. Əlbəttə, qanunvericilkdə də müəyyən boşluqlar var ki, sahibkarların bundan sui-istifadə hallarına yol verməsinə rast gəlinir”.
Fikrət Yusifov: “Belələrinə heç bir güzəşt ola bilməz”
Sabiq mailyyə naziri Fikrət Yusifov isə bu il may ayının 20-də ölkə başçısının Milli Məclis tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” nu təsdiq etdiyini xatırladaraq, bildirdi ki, əslində bu sahibkarlara, iş adamlarına iqtisadi amnistiya verən bir sənəddir: “Dəyişikliklər iş adamlarına diqqətsizlik, səhv və hətta səhlənkarlıq nəticəsində dövlətə vurduqları zərərə görə cinayət məsuliyyətindən maksimum uzaq ola bilmək şansı verir”.
Fikrət Yusifovun sözlərinə görə, Cinayət Məcəlləsində edilən və əslində sahibkarlara, iş adamlarına daha çox üstünlük gətirən ən maraqlı yenilik isə onlara vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğulluğa görə yayındırılmış məbləğin və dövlətə vurulmuş zərərin bir neçə mislini büdcəyə ödəməklə cinayət məsuliyyətindən azad olmaq şansının verilməsindən ibarətdir: “Əgər sahibkar, iş adamı bu gün onun üçün yaradılan bu münbit şəraiti düzgün qiymətləndirə bilməsə və dövlətin bu addımlarını ona “vergidən daha çox yayınmaq” və “daha çox qanunsuz fəaliyyətlə məşğul olmaq” şansı kimi dəyərləndirərsə, bir müddətdən sonra bunun acı nəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir.
Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu azmiş kimi, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz”.
Son illər görülən bəzi tədbirlər barədə
Qeyd edək ki, Vergilər Nazirliyi vergidən yayınma halları ilə mübarizə, eləcə də sahibkarların bu istiqamətdə maarifləndirilməsi istiqamətində ciddi tədbirlər görür. Belə ki, Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nda nəzərdə tutulan tədbirlərin Vergilər Nazirliyi tərəfindən 2015-ci ildə icrası barədə hesabatda görülən tədbirlər öz əksini tapıb. Məsələn, 2012-ci ildən başlayaraq, Vergilər Nazirliyinin rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili həyata keçirilir. Təkcə 2012-2015-ci illərdə 1470 vətəndaş Vergilər Nazirliyində qəbul edilib, eyni zamanda regionlarda keçirilmiş səyyar qəbulda vergilər naziri tərəfindən daha 252 vətəndaş qəbul edilib.
Hesabat dövründə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” və “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması, etik davranış və vergi orqanlarında daxili nəzarət sisteminin tətbiqi vəziyyəti" mövzularında təlimlər təşkil olunub. Bundan başqa vergi xidməti əməkdaşları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilir.
Eyni zmanda etik davranış məsələləri ilə bağlı Verglər Nazirliyi tərəfindən maarifləndirmə işləri aparılir.
Vergi orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi məqsədilə hesabat dövründə mütəmadi işlər görülüb və bu işlər davam etdirilir.
Təkcə 2015-ci ildə vergi orqanlarının fəaliyyəti barədə KIV-ə 144 sayda press-reliz verilib, vergi orqanlarının rəhbər vəzifəli şəxslərinin KİV üçün 92 müsahibəsi təşkil olunub. 2015-ci ildə aparıcı internet saytlarında Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı 2359 sayda məqalə və informasiya dərc edilib. Mərkəzi televiziya kanallarının informasiya və digər ictimai-siyasi, eləcə də sosial-iqtisadi proqramlarında isə ötən il vergilərə dair 580 süjet efirə verilib.
Zahid Nurəliyev
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.