30 Noyabr 2016 12:15
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gömrük Komitəsindən daxilolmalar 21,5 faiz artıb”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası davam edir.

Teleqraf.com-un xəbərinə görə, iclasda 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsi müzakirə olunur.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb: “2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet olaraq qalır. 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2017-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 1 faiz olmaqla 61,4 milyard manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq, 41,7 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin, 6,1 milyard manatı və ya 10 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək”.

Nazir qeyd edib ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 334 milyon 706,0 min manat, yerli gəlirləri 620 milyon 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 911 milyon 286,0 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində proqnozlaşdırılıb: “Dövlət və icmal büdcələrin gəlirlərinin hazırlanmasında makroiqtisadi proqnozlara uyğun olaraq hesablamalar aparılıb. Qeyd olunanlar nəzərə alınaraq, dövlət büdcəsinin gəlirləri 15 955,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-in 26,0 faizi həcmində olmaqla, 2016-cı ilin proqnozu ilə müqayisədə 867,0 milyon manat və yaxud 5,2 faiz azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2 faiz və ya 7855,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 370,0 milyon manat və ya 14,9 faiz azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7 faizi və ya 6 100,0 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transferlər (cari ilin proqnozu ilə müqayisədə 1 515,0 milyon manat, yaxud 19,9 faiz az), 22,3 faizi və ya 1 755,0 milyon manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145,0 milyon manat və ya 9,0 faiz çox) təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1 280,0 milyon manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475,0 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,9 və 27,1 faizini təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 40,0 milyon manat və 105,0 milyon manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8 faiz və ya 8 100,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 milyon manat və ya 6,6 faiz, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 milyon manat və ya 11,3 faiz çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 67,3 faizi və ya 5455,0 milyon manatı vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar, 27,2 faizi və ya 2200,0 milyon manatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxilolmalar, 5,5 faizi və ya 445,0 milyon manatını isə digər gəlirlər təşkil edir. 2016-cı ilin proqnozu ilə müqayisədə vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 55,0 milyon manat, yaxud 1,0 faiz, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxilolmalar 390,0 milyon manat, yaxud 21,5 faiz, digər gəlirlər isə 58,0 milyon manat, yaxud 15,0 faiz çoxdur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər