13 Mart 2017 14:49
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub.

"BP-Azerbaijan" şirkətindən Teleqraf.com-a verilən məlumata görə, bu, Qeri Consdur (Gary Jones).

O, öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək. Qeri Cons hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

Qeri Cons bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordon Birrellin yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində baş əməliyyat rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.

BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Qeri qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. Qeri BP-nin "Rumeyla" yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə edib.

BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qeri bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək. Fürsətdən istifadə edərək mən həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik etmiş və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə edib. Mən Qeriyə və Qordona yeni vəzifələrində uğurlar diləyirəm”.

Qeri Cons 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir. O, hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

Qeri Cons BP-yə 1981-ci ildə gəlib və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrində çalışıb. BP-də işləməyə başladığı ilk illərdə o, qazma və quyular üzrə bir sıra mühəndis və texniki vəzifələrdə çalışıb, o cümlədən Meksika Körfəzində dərinsulu əməliyyatlarda, Şimal dənizində, həmçinin Çin, Niderland və Afrikada çoxsaylı qazma əməliyyatlarında fəaliyyət göstərib.

Onun çalışdığı əsas rəhbər vəzifələrə BP-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada Verxneçonskoye yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və BP-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir.

Qeri Cons Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var. Evlidir, iki oğlu var.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər