Teleqraf.com Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Publika.az-a müsahibəsini təqdim edir:
–İlk sualım Türkiyə-Azərbaycan əlaqələrinin vəziyyəti ilə bağlıdır. Hazırda iki dövlət arasında mövcud olan iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
–Türkiyənin ikitərəfli iqtisadi əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verdiyi ölkələr arasında qardaş Azərbaycan ən başda gəlir. Eyni dili danışdığımız, ortaq milli və mədəni dəyərlərə sahib olduğumuz Azərbaycanı müstəqil ölkə olaraq tanıyan ilk dövlət də biz olmuşuq. O dövrdən bəri Azərbaycanla siyasi, iqtisadi və mədəni və digər bütün sahələrdə xüsusi əlaqələr qurmağa, çoxtərəfli bütün platformalarda Azərbaycana dəstək verməyə davam edirik.
Azərbaycan ilə ikitərəfli ticarət və iqtisadi əlaqələrimizi qiymətləndirəndə, son illərdə istər ölkəmiz, istərsə də Azərbaycan iqtisadiyyatının əldə etdiyi inkişafa paralel olaraq aramızdakı ticarət həcmi 2002-2015-ci illərdə 8 dəfədən çox artaraq 3,5 milyard dollar səviyyəsinə çatıb. Ancaq son illər dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə ortaya çıxan iqtisadi çətinliklər ikitərəfli ticarətimizə də təsir edib.
Ona görə də 2014-ci ildə 5,1 milyard dollara qədər yüksələn ikitərəfli ticarətin həcmi 2015-ci ildə təxminən 31 faiz azalaraq, 3,5 milyard dollar səviyyəsinə enib. 2016-ci ildə də ikitərəfli xarici ticarətin həcmi illik olaraq 31,3 faiz azalıb. Bu azalmanın qarşısını almaq və ikitərəfli ticarət əlaqələrinin önündəki maneələri ortadan qaldırmaq məqsədi ilə Azərbaycanla Güzəştli Ticarət Sazişi imzalanması istiqamətində işlərimizi sürətləndirməyə çalışırıq. İşçi qruplarımız axırıncı dəfə bu il fevralın 16-da İstanbulda görüşüblər.
Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə xarici ticarətlə yanaşı, qarşılıqlı investisiyalar strateji rol oynayır. Ölkəmizin Azərbaycana qoyduğu sərmayə 7,6 milyard dollara, Azərbaycanın ölkəmizə qoyduğu sərmayə isə 5 milyard dollara çatıb.
Tikinti sahəsindəki əməkdaşlığımız da böyük əhəmiyyətə malikdir. Bu günə qədər türk inşaat şirkətləri Azərbaycanda 11,6 milyard dollar dəyərində 363 layihə həyata keçirib. İnşaat şirkətlərinin qardaş Azərbaycanın inkişafına verdikləri töhfədən son dərəcə məmnunuq. Bunun önümüzdəki illərdə də artaraq davam edəcəyinə inanırıq.
–Türkiyənin də iştirak etdiyi Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin reallaşmasında indiyədək əldə edilən nəticələri necə qiymətləndirirsiniz? Çünki artıq bu layihə yekunlaşmaq üzrədir və 2017-ci ildə ilk qatar səfərlərinin başlanması gözlənilir...
–İlk növbədə deyim ki, Bakı-Tiflis-Qars Dəmiryolu layihəsinin həyata keçirilməsi barədə qərar ilk dəfə 2004-ci ildə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli Nəqliyyat Komissiyası konfransında qəbul edilib. Dəmiryolu tikintisinin Türkiyə hissəsi üçün 24 iyul 2008-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda təməlqoyma mərasimi keçirilib.
Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyimiz və podratçı şirkətlərimiz qeyd edilən layihənin ən qısa müddət ərzində tamamlanması üçün bütün səyləri ilə işləyirlər. Yay aylarında layihənin tamamlanmasını planlaşdırırıq. Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsi bizim üçün təkcə bir dəmiryolu layihəsi deyil, eyni zamanda tarixi İpək Yolunun yenidən canlandırılmasına və Türkiyənin bölgə ölkələri ilə iqtisadi, sosial və mədəni əlaqələrini daha da qücləndirilməsinə yardım edəcək.
Layihə ilk dəfə müzakirəyə çıxarıldığı gündən bu günə kimi dünya ticarət sistemi inkişaf etməkdə olan ölkələr lehinə sürətli bir dəyişmə sərgiləyib. Xüsusilə, Asiyanın inkişaf edən ölkələri istər qlobal ticarətdən götürdükləri payı, istərsə də qlobal iqtisadi artımı hər keçən gün artırır. Bu səbəbdən, ticarət dəhlizlərində daşınan yükün ağırlığı da bu bölgələrə yönəlib.
Məsələn, Çinin 2013-ci ildə başlatdığı İpək Yolu İqtisadi Zona Proqramının yalnız Çin iqtisadiyyatına deyil, daha əhatəli bir şəkildə bölgədəki ölkələrə təsir etməsinin təmin edilməsi və bölgələr arası ticarət və əməkdaşlığa uzun müddətdə yardım edəcək güclü bir infrastrukturun təsis edilməsi üçün bölgə ölkələri tərəfindən işlər davam etdirilir. Həmçinin, Avropa Birliyinin də bölgədə üç təməl keçid dəhlizinin həyata keçirdiyini görürük.
Bakı-Tiflis-Qars dəmiryolu xətti Çindən Avropaya uzanan İpək Yolu istiqamətində mövcud olan dəmiryolu şəbəkəsinin əksik halqalarından biri idi. Bu layihə tamamlandıqdan sonra “Mərmərə” dəniz və “Yavuz Sultan Səlim” dəmiryolu nəqliyyat layihələri də ona birləşmiş olacaq. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması ilə həm Türkiyə, həm də Azərbaycan dünya ticarətinin çox əhəmiyyətli bir hissəsinin reallaşdığı yolun əhəmiyyətli parçasına çevriləcək.
–Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi işə düşdükdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə necə təsir göstərəcək?
–Ölkələrimiz arasındakı ticarət həcmini daha yüksək səviyyələrə daşımaq prioritet hədəflərdən biridir. Bunun üçün hər iki ölkə bütün gücü və səyi ilə çalışmalıdır. Bunun üçün də ticarət əlaqələrini daha da asanlaşdıracaq və sürətləndiricəcək layihələrə ehtiyac var. Bunlardan biri də Bakı-Tiflis-Qars dəmiryolu layihəsidir.
Bildiyiniz kimi, məhsul xərclərinin müəyyən hissəsini nəqliyyat xərcləri təşkil edir. Bununla yanaşı, müasir dövrdə yük daşınması və nəqliyyat sahələrində zaman məfhumu da mühüm rol oynayır. Rəqabətin çox olduğu qlobal ticarətdə daşıma xərclərini azaldacaq və vaxtı qısaldacaq logistika layihələri böyük əhəmiyyət kəsb edir. Logistika ilə əlaqədar olaraq reallaşdırılacaq yaxşılaşdırmalar ticarətin daha da artmasına stimul olacaq. Bu çərçivədə Bakı-Tiflis-Qars dəmiryolu xətti iki ölkə arasında yük daşımalarının ucuzlamasına və sürətlənməsinə təsir edəcək.
Hər iki ölkənin də bu layihənin ticarət mühiti yaradacağından və böyük qazanc əldə edəcəyindən şübhəm yoxdur. Digər tərəfdən bu dəmiryolu xəttinin həm Türkiyənin, həm də Azərbaycanın tranzit nəqliyyat layihələrindəki mövqeyinin əhəmiyyətini də artıracağına inanıram. Asiya ilə Avropa arasındakı ticarətdən Türkiyə və Azərbaycanın pay ala bilməsi üçün Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə ehtiyacımız var. Bu istiqamətdə bir çox nəqliyyat layihələri hazırlanır. Bakı-Tiflis-Qars dəmiryolu xətti, bizim bu nəqliyyat dəhlizləri ilə bütünləşməyimiz baxımından çox əhəmiyyətlidir. Bakı-Tiflis-Qars dəmiryolu xəttini də ehtiva edən Orta Dəhliz bu tranzit dəhlizlərinin arasında ən qısa xətt olması səbəbiylə ən diqqət çəkənidir. Orta Dəhliz Çindən başlayaraq Türkiyə, Azərbaycan və Xəzər dənizi hövzəsi regionu üzərindən geçərək Avropaya bağlanır. Bu dəhliz Xəzər hövzəsi regionu, Orta Asiya və Türkiyənin nəqliyyat proseslərini canlandıracaq, regional inkişafa müsbət təsir edəcək.
–Türkiyənin iştirak etdiyi böyük layihələrdən biri də Xəzər dənizi sahilində salınan "Port of Baku" layihəsidir. Bu layihənin coğrafiyasına Çin, Hindistan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr aiddir. Dövlətlərarası beynəlxalq layihə olan "Port of Baku" nun gələcəyini necə görürsünüz?
–Biz Türkiyə olaraq Azərbaycanın nəqliyyat panoramasını yaxından təqib edir və bu sahədəki inkişafı məmnuniyyətlə izləyirik. Qeyd etdiyim kimi, "Port of Baku" dünya ticarətində dəyəri gedərək artan Orta Dəhlizin mərkəzində, analoqsuz bir mövqeyə sahibdir. Aparıcı liman, boru kəmərlərinin keçdiyi, dəmiryolunun və tranzit yolların kəsişdiyi mərkəzdə yerləşməsi səbəbi ilə "Port of Baku" həm də beynəlxalq nəqliyyat qovşağı rolunu oynayır. Əhəmiyyətli bir logistik mərkəz olaraq qurulan "Port of Baku"-nın regional nəqliyyat şəbəkəsinə inteqrasiyasının müsbət nəticələnməsi ilə bütün Orta Asiyaya yük daşımalarının reallaşacağı bir ticarət mərkəzinə çevriləcəyinə inanırıq.
Azərbaycan tərəfindən "Port of Bakı"-ya çox ciddi sərmayə qoyulur. Çox müasir formada hazırlanan və beynəlxalq standrtlara cavab verən "Port of Baku" yük həcminin böyüklüyünə, sərnişin, yük, “Ro-Ro”, dəmiryolu, quru yük terminalları ilə gömrük xidməti binaları, ambarlar və digər xidmət sahələrinə görə üstünlüklərə malikdir. Liman rəhbərliyinin qarşıdakı illər üçün yük daşıma hədəfləri də "Port of Baku" layihəsindən gözləndiyi kimi olduqca yüksəkdir. Bu baxımdan da, yaxın illərdə bölgədəki digər infrastruktur layihələrinin yekunlaşması ilə Orta Dəhlizin daha fəal istifadə edilməsi məsələsi gündəmə gələcək. Xüsusilə də sürətlə inkişaf edən ölkələrin olduğu bu bölgədə limanın, yük daşıma hədəflərinə qısa bir müddətdə çatacağına inanıram.
Beləliklə, Azərbaycan investisiya qoyduğu bu layihədən qısa müddət ərzində böyük qazanc əldə edəcək. Bu layihənin həm Azərbaycanın, həm də bütün bölgənin rifahının yaxşılaşmasında əhəmiyyətli rolu olacaq.
–Türkiyənin "Port of Baku" layihəsi ilə bağlı hansı təklif və planları var?
–Mədəni və tarixi coğrafiyamız olan Orta Asiya ilə inteqrasiya, mədəni əlaqələrlə yanaşı, möhkəm iqtisadi-ticarət əlaqələrinin də qurulması, bu əlaqələri daha da inkişaf etdirmək Türkiyə üçün də prioritet məsələdir. Türkiyəni Orta Asiyaya daha effektiv şəkildə bağlaya biləcək istənilən layihə bizim üçün çox qiymətlidir. Belə layihələrdən biri də "Port of Baku"-dur. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi başa çatdıqdan sonra, Türkiyəni Xəzər dənizinin o biri tərəfinə çıxaracaq ən sərfəli layihə "Port of Baku" olacaq. Bu layihə bizim üçün körpü olacaq.
Hazırda Türkiyənin Orta Asiya ilə ticarət əlaqələri daha çox Rusiya və İran üzərindən həyata keçirilir. Ancaq biz bu nəqliyyat dəhlizlərində müxtəlif problemlərlə qarşılaşırıq. Hətta bəzən ticarət əlaqələrini dayandırmaq məcburiyyəti ilə üzləşirik. Bütün bunlara görə də “Port of Baku” kimi Orta Dəhliz nəqliyyat qovşağının yaradılması Türkiyənin xarici ticarətinin maneəsiz həyata keçirilməsində əlverişli imkanlar yaradır. Bu layihə vasitəsilə Orta Asiya ölkələrinin də ticarətində canlanma yaranacaq.
Ümumiyyətlə, biz tarixən Azərbaycan başqada olmaqla, Xəzər və Orta Asiya regionu ilə iqtisadi əlaqələr qurmuşuq. Hesab edirəm ki, “Port of Baku” bütün bölgə ölkələrinin iqtisadiyyatına mühüm töhfələr verəcək. Türkiyənin nəqliyyat sahəsində çalışan aparıcı şəxsləri də hər zaman “Port of Baku”-nun “Ro-Ro” xidmətlərindən faydalanmağı arzu və təklif edirlər. İnşallah, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi istifadəyə verildikdən sonra Türkiyə də “Port of Baku” limanının xidmətlərindən geniş yararlanmağa çalışacaq. İnanıram ki, bu əməkdaşlıq həm Türkiyə, həm də Azərbaycana mühüm mənfəət gətirəcək.
Vasif Həsənli