Əmlak Məsələləri Dövlət Komitəsi 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb.
Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var.
Mayın 2-də keçirilən hərracda isə 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investrolar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür.
Qeyd edək ki, hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Sahəsi 6047 kv.m olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.
İlhamə ƏBÜLFƏT