“2016-cı təsərrüfat ilində 7100 hektar ərazidə şəkər çuğunduru əkilib, 345 min ton məhsul isə əldə edilib”
Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, çuğundur bitkisi respublikamız üçün 2-ci qiymətli texniki bitkidir: “Ölkəmizdə çuğundur istehsalı üçün güclü potensial var. Bu bitkinin hər hektarından 44 ton məhsul alınır. Ötən dövrlərlə müqayisədə həm istehsalında, həm əkin sahələrinin genişləndirilməsi sahəsində kəskin fərq var.
2015-ci il 4900 hektar ərazi əkilirdisə, 2016-cı ildə 7100 hektar olub. Bu il isə 17000 hektardan çox ərazidə çuğundur əkiməsi nəzərdə tutulub”.
Şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyev sonuncu müşavirədə özümüzün şəkərə olan tələbatımızı ödəmək üçün İmişlidəki şəkər zavodunu yerli xammal hesabına işlətməyi məsləhət görüb: “Buna görə də şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi, istehsalının artırılması istiqamətində də dövlətin çoxşaxəli dəstəyi var. Sərəncam şəkər çuğundurunun son məhsuluna görə subsidiyanın verilməsi istehsalçıların marağına səbəb olub.
Sərəncamdan əvvəkli qaydalara əsasən ancaq yanacaq, motor yağına görə 50 manat subsidiya verilirdi. Amma bundan sonra istehsal olunub emal müəssisələrinə təhvil verilən hər ton çuğundura görə dövlət büdcəsi hesabına 4 manat məbləğində subsidiya ödəniləcək.
Keçən il orta məhsuldarlığımız hər hektardan 44 ton olub. Burdan elə qənaətə gələ bilərik ki, indiki halda 1 hektar ərazidən 200 manata yaxın pul əldə etmək olar. Yəni əvvəllər fermerlər təkcə yanacağa görə 50 manat subsidiya alırdısa, indi yeni sərəncama əsasən onların subsidiyası 3-4 dəfə artmış olur.
Bundan sonra fermerlər çalışacaq ki, hər hektardan daha çox məhsul əldə etsinlər və daha çox subsidiyadan bəhrələnsinlər”.
İmran Cümşüdov bildirib ki, toplanan məhsuldan İmişlidəki Şəkər Zavodunda xammal kimi istifadə olunur: “Təəssüf ki, istehsal etdiyimiz çuğundur şəkərə olan ehtiyacı qarşılamır. Buna görə də əkin sahələrinin daha da genişləndirilməsi, istehsalın artırılması qarşımızda əsas hədəfdir. Bu təsərrüfat ili üçün istehsalda ixtisaslaşma aparılır.
Ən müasir texnika, texnalogiya gətirilib. Çuğundurun ölkəmiz üçün rayonlaşmış sortları var. Hansı ki, sınaqdan keçirilib. Həmçinin İspaniya, Türkiyə,Rusiya, İtaliya və başqa avropa ölkələrindən də yeni sort və toxumlar idxal edilir”.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda çuğundurdan əsasən şəkər alınır: “İstehsaldan sonra məhsul qalır ki, ondan da yem sənayesində, torpaqların münbitliyini bərpa edilməsində gübrə kimi istifadə olunur”.
Qeyd edək ki, çuğundur insan orqanizimi üçün də çox faydalıdır. Sümüklərin və dişlərin güclənməsinə kömək edən mükəmməl kalsium qaynağıdır. Qanda şəkərin tənzimlənməsinə kömək edir. Göz sağlığı üçün lazım olan lutelin, antioksidanla və dəmirlə zəngindir. Həzm sistemini gücləndirir və qansızlığın qarşısını alır.
Sidikqovucudur və sidik yollarında yanma şikayətlərini azaldır.
Beyin funksiyaları və sinir sisteminin güclənməsinə kömək edir.
Keçəlliyə yaxşı təsir edir. Balla qarışdırılıb saç çıxmayan yerə vurmaq lazımdır. Həzmi rahatlaşdırır. Bədənə qüvvət verir.
ŞƏFİQƏ