Keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib.
Bu barədə Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov məlumat verib.
Onun sözlərinə görə, bu ilin birinci yarımili ərzində 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib: “Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınmışdısa, 2017-2018-ci illərdə daha 10 min hektar salmaq planlaşdırılır.
Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra isə bu rəqəm 20 min nəfərə çatacaq”.
Ekspertin fikrincə, baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində demək olar, tənəzzülə uğramayıb: “Çünki şimal-qərb bölgə əhalisinin son illər ərzində əsas və yeganə ümid yeri həmişə fındıq olub. 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min, 2015-ci ildə isə 32 min 700 hektara çatıb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb və xaricdən tinglər gətirilib”.
Pərviz Heydərov indiyədək 14 min 800 ton fındıq ixrac edildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar, Almaniyaya 24 milyon dollar dəyərində fındıq ixrac edib: “Bütövlükdə isə 25 ölkəyə fındıq ixrac edilib. Qarşıya qoyulan məqsəd odur ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın.
Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Nəzərdə tutulan tədbirlər tam həyata keçirilərsə, üçüncü yerə çıxa bilərik. Qiymətlərə gəlincə, keçən il qiymətlər bir ara kiloya 7-8 manatadək qalxmışdı. Bununla belə, rəsmi olaraq da deyilir ki, bu özü aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur.
Çox maraqlıdır, bu il kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmayacağı deyilir. Əhali məyusdur. Görəsən, bizdə dövlət bu və ya digər gəlir gətirən sahəyə dəstək göstərməyə başlayanda nədən əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin maddi maraqları həmişə “iqtisadi məngənəyə” düşür? Dövlət dəstəyi bu məqsədə xidmət etməli deyil axı”.