29 İyun 2018 12:35
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyunun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertfikatlar ləğv olunur".

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, xaricdən gətirilən məhsullara da gigiyenik sertfikat verilməyəcək:

"İstər xaricdən gələn, istərsə də ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsul qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək. Müəssisənin istehsal etdiyi məhsula görə qida təhlükəsizliyi sertfikatı alınacaq. Bu beynəlxalq konvensiyaya uyğundur".

Q.Təhməzli onu da bildirib ki, iyulun 1-dən etibarən baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Onun sözlərinə görə, qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələri vasitəsilə həyata keçiriləcək:

"Müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirdikdən sonra laboratoriyaya göndərəcək".

Qoşqar Təhməzli qeyd edib ki, Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yaxın zamanlarda tamamilə yığışdırılacaq: "Küçə və meydanlarda heç bir ekspertiza olmadan həyata keçirilən ət kəsimləri insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketi təqdim edəcəyik".

Qoşqar Təhməzli həmçinin vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər aparılır: "Bu istiqamətdə bir neçə qurumun qərarı nəzərə alınacaq. Bunlar Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir"

Qoşqar Təhməzlinin sözlərinə görə, ətləri mənfi 4 dərəcədən kənarda sazlayan şəxslər cəzalandırılacaq: "İsti hava şəraiti ilə əlaqədar ətlərin soyuducudan kənar daşınması yolverilməzdir. Bu istiqamətdə dələduzluq edən adam qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır. İsti hava şəraitində saxlanılan ət məhsullarının üzərində sağlamlığa zərərli proseslərin getməsinə münbit şərait yarana bilir. Bunun qarşısını almaq üçün biz bu istiqamətdə tədbirləri artırırıq".

Qoşqar Təhməzli deyib ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların ətində bahalaşma gözlənilmir.


Müəllif: Könül

Oxşar xəbərlər