Bu gün parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 qanun layihəsi müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verib, xatırladıb ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən komitə var gücü ilə çalışıb.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəlikdəki əksər qanun layihələrini təqdim etdi. Bildirildi ki, “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan dəyişikliklər ötən ilin dekabrında Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır.
Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dəyişiklik edilməsinə dair birinci oxunuşda müzakirəyə çıxarılmış sənədlər isə 2017-ci ilin 15 dekabrında dəyişiklik edilmiş “Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun icrası məqsədilə hazırlanıb.
Komitə üzvlərinə məlumat verildi ki, Vergi Məcəlləsində digər dəyişikliklərə dair sənədlər bu məcəllənin “Təhsil haqqında” və “Elm haqqında” qanunlara uyğunlaşdırılması xarakteri daşıyır, həmçinin “İcra haqqında” qanunda edilmiş dəyişikliklə əlaqədardır.
İclasda İnzibati Xətalar Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlara təklif edilən dəyişikliklər də şərh olundu.
Mülki Məcəllədə və “Banklar haqqında” qanunda dəyişikliyə dair birinci oxunuşa təqdim olunmuş layihələrdən danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirdi ki, hər iki sənədin bir sıra maddələrinə dəyişiklik edilməsi zərurəti təmsil etdiyi qurumun – MBNP-nın təkliflərinə əsasən meydana gəlib.
İclasda Mülki Məcəlləyə və “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklikləri İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov şərh etdi. Məlum oldu ki, birinci oxunuşa çıxarılmış hər iki sənəd “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb.
Birinci oxunuşda müzakirəyə çıxarılmış “Lotereyalar haqqında” qanuna təklif olunan dəyişikliklər barədə deputatlara “Azərlotereya” ASC İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verib.