Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.