27 Avqust 2014 20:29
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 27-də Türkiyə Respublikasının Sosial Güvənlik Qurumunun nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyəti ilə yaxından tanış olub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən xəbərə görə, qurumun əsas fəaliyyət istiqamətləri, ölkədə məcburi dövlət sosial sığorta və pensiya təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri barədə qonaqlara məlumat verilərək qeyd olunub ki, Azərbaycanda pensiya təminatının beynəlxalq standartlara tam cavab verən vahid sistemi formalaşdırılıb. İslahatlar nəticəsində ödənilən sosial sığorta haqlarının fərdi uçotu sistemi yaradılıb, müasir avtomatlaşdırılmış infrastruktur qurulub, Fondun serverlərində unikal elektron məlumat bazaları yaradılıb.

Həmçinin, bir müddət əvvəl BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Avropa Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aparılması, sığortaolunanlar üçün sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alması və s. məsələlər Türkiyəli qonaqların diqqətinə çatdırılıb. Sonra DSMF-nin əməkdaşları aidiyyəti mövzular üzrə təqdimatla çıxış ediblər.

Qeyd edək ki, Türkiyənin Sosial Güvənlik Qurumunun təmsilçilərinin ölkəmizə səfəri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 90 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “2008-ci il iyunun 3-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu”na və bu protokol əsasında imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Ölkə üzrə dövlət qulluqçularının təxminən 10 faizi DSMF-də çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlmiş və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunub.

Nihad


Müəllif:

Oxşar xəbərlər