21 Mart 2020 11:32
2 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus insanların sağlamlığıilə yanaşı, dünya iqtisadiyyatına da ciddi təsir göstərməyə davam edir. Hazırkı vəziyyət insanlarda təşvişin yaranmasına səbəb olur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Teleqraf.com-un suallarını cavablandırıb.

- Neftin qiymətinin aşağı düşməsi gündəm mövzusu oldu. Əvvəlcə epidemiyanın dünya iqtisadiyyatına təsirlərinizdən danışmağınızı istərdik. Hazırda vəziyyət necədir?

- Dünya iqtisadiyyatında vəziyyət kifayət qədər mürəkkəbdir. İndiyədək heç bir halda real qlobal iqtisadiyyatın üzləşdiyi vəziyyət kimi bir hala rast gəlinməyib. Dünya iqtisadiyyatının inkişaf dinamikasına diqqət yetirsək, adətən, böhranlı vəziyyətlərin yetişməsi müəyyən müddətdən bir zəruri xarakter daşıyır.

İndiyədək heç bir halda real qlobal iqtisadiyyatın birləşdiyi vəziyyət kimi hala rast gəlinməyib. Aparıcı ölkələrin iqtisadiyyatına dair makro iqtisadi göstəricilərin, aparıcı indekslərin, dünya neft bazarlarında neftin qiymətinin çox qısa müddətdə 30-40 dollardan çox aşağı düşməsini xatırlamıram.

- Bu vəziyyətdən ən çox zərər görən sektorlardan biri də turizm oldu...

- Turizm sektoru çox güclü zərbə alıb. Turizm dünya iqtisadiyyatında əsas sahələrdən birini təşkil edir. Dünya üzrə məşğul əhalinin təxminən 10 faizi bu sektorda çalışır. Hesab edirəm ki, qlobal iqtisadiyyatın aldığı təsirlər öz yaralarını hələ uzun müddət hiss etdirəcək.

- Ölkəmizdəki vəziyyəti necə qiymətləndirirsiz?

- Azərbaycan iqtisadiyyatı da qlobal iqtisadiyyatın parçasıdır. Qlobal iqtisadiyyatda baş verən tendensiyalar bütün ölkələrə təsir etdiyi kimi, Azərbaycana da öz təsirini göstərməkdə davam edəcək.

5 il əvvəl dünya bazarında neftin qiymətinin aşağı düşdüyü vaxtı xatırlatmaq istəyirəm. 2015-ci ildə hökümət manatın məzənnəsini iki dəfə devalvasiyaya uğratmağa məcbur oldu. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları valyuta bazarında manatın məzənnəsini saxlamaq məqsədilə 11 milyarddan çox itirdi. İqtisadi artım tempi aşağı düşdü, dövlət büdcəsi investisiya xərcləri kəskin şəkildə ixtisar olundu.

Həmin dövrdə qlobal iqtisadiyyat indiki kimi böyük bir təhlükə, böhranlı vəziyyətlə üzləşməmişdi. O zaman təkcə neftin qiymətinin düşməsindən ağır təsirlərə məruz qalsaq da, vəziyyətdən üzüağ çıxdıq. Ancaq təkrar edirəm ki, qlobal iqtisadiyyatda böhran dərin xarakter daşımırdı.

- Böhrandan söz açdınız. Koronavirusun təsirləri səbəbilə bu il devalvasiya gözlənilirmi?

- Hələ ki devalvasiya məsələsi gündəlikdə deyil. Dünya bazarlarında neftin qiyməti Azərbaycan üçün hədsiz səviyyədə əlverişsiz həddə deyil. Odur ki, valyuta bazarlarında yaxın müddətdə ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm.

Neftin dünya bazar qiymətləri uzun müddətli şəkildə bu cür qalmaqda davam edərsə, valyuta bazarlarında müəyyən redaktələrin ən tezi bu ilin sonunda, yaxud növbəti ildə olacağını güman edirəm. Bir şərtlə ki, neftin dünya bazar qiymətləri uzunmüddətli şəkildə belə aşağı həddə qalsın, bu isə inandırıcı deyil.

5-6 il əvvəlki vəziyyətlə müqayisədə, Azərbaycan xarici mənfi amillərin təsirlərinə daha immunitetlidir. Ona görə də bizim hələ ki bu vəziyyətə müqavimət göstərmək gücümüz var.

- Devalvasiya olacağı təqdirdə hansı ehtiyat tədbirlərinə baş vurulacaq? Təkliflər paketi varmı?

- Nazirlər Kabinetində mövcud vəziyyətlə bağlı artıq bir müşavirə keçirilib. Müvafiq iqtisadi qurumların, Mərkəzi Bankın, Dövlət Neft Fondunun rəhbərinin iştirakı ilə mövcud vəziyyət müzakirə edilib. Dövlət başçısı da çıxışında qeyd edib ki, hələlik ciddi təşviş üçün heç bir əsas yoxdur. Əgər təhlükə dərinləşərsə, hökümətin sığortalayıcı tədbirləri var. Büdcə xərcləri kəskin azaldılacaq, valyuta bazarına nəzarət gücləndiriləcək. Ölkədə bir sıra makro iqtisadi göstəricilərə süni amillərin təsirinə yol verilməyəcək.

Bu gün neftin dünya bazar qiymətlərindən daha çox, karantinlə bağlı özəl sektora dəyən ziyan daha təhlükəli xarakter daşıyır. Karantinlə bağlı ictimai iaşə müəssisələri, ticarət şəbəkələri fəaliyyətini məhdudlaşdırılıb, bundan özəl xidmət sektoruna dəyə biləcək ziyan Azərbaycan iqtisadiyyatı üçün daha çox təhlükələr vəd edir. Hökümət sahibkarlara dəyəbiləcək ziyanların aradan götürülməsi üçün tədbirlər planı hazırlayır.

Bu istiqamətdə iki təklifim var. Birincisi, sahibkarların borc aldıqları banklar qarşısında kredit ödənişlərinə müvafiq güzəştlər tətbiq edilməlidir. Bu, vaxtın uzadılması, yaxud da banklara müvafiq dəstək göstərilməsi ola bilər. İkinci ən mühim təklifim budur ki, bir müddətlik ictimai iaşə sektorunda çalışan sahibkarlar üçün vergi tətilləri elan olunsun.

- Əhalinin bu vəziyyədən daha az itki ilə çıxması üçün nəyi tövsiyə edirsiniz?

- Təşvişə ehtiyac yoxdur. İnsanlar əllərində olan kiçik məbləğdə maliyyə vəsaitlərini neftin qiyməti, yaranmış panik vəziyyətlə əlaqədar olaraq banklarda xarici valyutalara dəyişməsinlər. Ərzaq ehtiyatı görmək barədə təşvişə düşməsinlər. Ölkəyə xaricdən insanların daxil olunması qadağan edilib, ərzaq idxalı ilə bağlı məhdudiyyət yoxdur.

Mal qıtlığı, ərzaq çatışmazlığı və sairə kimi problemlərin yaşanacağını gözləməyə dəyməz. Vətəndaşlar mövcud vəziyyətə təmkinlə yanaşaraq bu müddəti keçə biləcəklər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər