Türkiyədən Azərbaycana növbəti dəstək iqtisadi sahədə gəlib.
Teleqraf.com xəbər verir ki, rəsmi Ankarının Azərbaycanla enerji və ticarət sahəsində imzaladığı müqavilələrin Türkiyə Böyük Millət Məclisində (TBMM) qüvvəyə minməsinə qərar verilib.
TBMM-nin Xarici İşlər Komitəsi çərşənbə günü keçiriləcək iclasda Azərbaycanla imzalanmış iki müqaviləni müzakirə edəcək.
Əvvəlcə komissiyada “Enerji və mədən sahələrində əməkdaşlığa dair” müqavilə müzakirə ediləcək. Razılaşma ilə təbii qaz və neft boru kəmərləri ilə güclü əlaqələrə malik olan iki dövlətin bu dəfə digər enerji sahələrində əməkdaşlığı dinamikləşəcək.
Anlaşma enerji və mədən sahələrində ikitərəfli elmi, texniki, texnoloji, hüquqi, inzibati və ticarət əməkdaşlığının inkişafını əhatə edir. Gizli saxlanılacaq müqavilə çərçivəsində mayeləşdirilmiş təbii qaz terminalları və anbarları inşa ediləcək. Karbohidrogen kəşfiyyatı və hasilatı təmin ediləcək.
Komissiyada müzakirə ediləcək Azərbaycanla bağlı ikinci razılaşma "Güzəştli ticarət" mövzusundadır. Müəyyən məhsullar üçün sıfır gömrük rüsumlarını özündə cəmləşdirən müqaviləyə uyğun olaraq, siyahıdakı məhsullar qarşılıqlı müəyyən edilmiş məbləğ kvotaları çərçivəsində güzəştli ticarət rejiminə daxil ediləcək.
Güzəştli ticarətin həcmi 108 milyon dollar olacaq. Ticarətin həyata keçirilməsini yeni qurulacaq ortaq komitə izləyəcək. Razılaşma ilə Azərbaycanın üçüncü ölkələrdən aldığı məhsullar üçün tədarüketmə imkanı da təmin edilir. Razılaşmada Azərbaycanın üçüncü ölkələrdən idxal etdiyi məhsullar müəyyən edilərək “potensial məhsullar siyahısı” adı altında Azərbaycana təqdim edilib.
Azərbaycandan da bir siyahının gözlənildiyi bildirilib. Güzəştli ticarət razılaşması hələlik üç ayrı siyahını özündə cəmləşdirən məhsulun genişləndirilməsinə və böyüdülməsinə yönəldilsə də, qarşıdakı dövrdə bu sazişi xidmət ticarəti və investisiyalar daxil olmaqla sərbəst ticarət müqaviləsinə çevirmək hədəflənir.
Seçimli Ticarət Sazişinin mövcud əlavələrində edilə biləcək texniki dəyişikliklər üçün prezidentə birbaşa təsdiq etmək səlahiyyəti verilir. Beləliklə, müqavilədəki zəruri dəyişikliklərin qüvvəyə minmə müddəti qısaldılacaq.