Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 317,76 min dollar dəyərində 88,84 ton təbii bal idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 20,7 faiz, həcm ifadəsində isə 6,8 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə bal idxalında ən böyük paya İran sahibdir. Hesabat dövründə İrandan Azərbaycana 106,57 min dollar dəyərində 53,26 ton təbii bal tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, həcm ifadəsində isə 5,6 dəfə artıb.
İlin 9 ayında Azərbaycan cəmi 3 780 dollar dəyərində 140 kq bal ixrac edib ki, bu illik müqayisədə müvafiq olaraq 7,3 dəfə və 7,4 dəfə azdır.
Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü, “Balçı” MMC-nin əməkdaşı Elvin Bayramlı Teleqraf.com-a bildirib ki, yüksək dağlıq zonalarda dağ balı nisbətən az olur, amma ümumilikdə ötən ilə nisbətən Azərbaycanda bal istehsalının azalması mümkün deyil: “Bal may, iyun, iyul, avqustun ortalarına qədər istehsal olunur. Uyğunlaşdırma aparmaq üçün may ayından avqustun sonuna qədər olan müddət götürülməlidir ki, bundan sonra hansısa azalmanı və ya artımı nəzərdən keçirmək mümkün olsun.
Subsidiyanın verilməsi, arıçılığın inkişafı və bal ixracına görə Azərbaycanda arıçılığın, eləcə də balın kəmiyyət və keyfiyyətində inkişaf var. Ölkədə həm arı ailələrinin sayı, həm də keyfiyyət göstəricisi artır. Ağstafa-Qazax regionunda keçən ilə nisbətən həm bal istehsalında, həm də arı saylarında 50 faizə qədər artım var.
Ümumiyyətlə, arıçıların Statistika Komitəsinə inamı yoxdur. Çünki ilk dəfə Azərbaycan arıçılarına subsidiya veriləndə komitənin təqdim etdiyi rəqəmlərlə mövcud rəqəmlər arasında çox böyük fərq var idi. Buna görə də subsidiyanın verilməsində bəzi problemlər yaşandı”.
Arıçının sözlərinə görə, İrandan Azərbaycana keyfiyyətsiz bal idxal olunur: “Deyə bilərəm ki, İrandan idxal olunan balın 90 faizi çox keyfiyyətsizdir. Bunlar bal yox, bal şərbətidir. Təəssüf ki, Azərbaycanda arıçılıq məhsullarının çeşidlənməsi aparılmır. Bilinmir ki, bal şərbəti nədir, bal nədir və daha keyfiyyətli premium bal nədir... Azərbaycanda istehsal olunan balların əksəriyyəti premium bal hesab olunur. İrandan Azərbaycana bal adı ilə gətirilən məhsullar isə bildiyimiz şəkər tozundan, kimyəvi karbohidratlardan və xüsusi dadlandırıcılardan hazırlanan zavod məhsuludur. Bu məhsulların ölkəmizə gətirilməsinə icazənin olub-olmadığını bilmirəm”.
Elvin Bayramlı bu günə kimi Azərbaycandan Yaponiyaya bal ixrac olunduğunu da deyib: “Keçən ildən ərəb ölkələrinə də ixrac başlamışdı. Əvvəl bir şirkət məhsul ixrac edirdisə, bu ildən artıq 4-5 şirkət bal ixracı ilə məşğuldur. Azərbaycan balının əsas ixracatçısı Yaponiya və ərəb ölkələridir”.
Ekspert hesab edir ki, Azərbaycana bal idxalı azalmalıdır. O, fikrini Kəlbəcər rayonunun işğaldan azad olması ilə əsaslandırıb: “Kəlbəcər yaxın vaxtlarda Azərbaycan iqtisadiyyatına töhfə verməyə başlayacaq. Bölgənin böyük dağ balı potensialı var. Qarabağ zonasında arıçılıq inkişaf edəcək. Bu məqsədlə idxal sıxlığı aradan qalxmalıdır, qadağalar olmalıdır. Ölkəyə xüsusən keyfiyyətsiz ballar gəlməməlidir. Keyfiyyətsiz ballar əsasən sənaye üsulu ilə hazırlanır və cüzi maliyyə hesabına başa gəlir. Azərbaycan balı çox keyfiyyətli olduğuna görə onunla rəqabət apara bilmirlər. Ona görə bal adına keyfiyyətsiz məhsulları bazarda boşluq tapıb sata bilirlər.
Bu bal şərbətini yerli arıçılar da istehsal edib sata bilər. Bu məsələni hansısa formada tənzimləmək lazımdır ki, xaricdən Azərbaycana saxta məhsullar gəlməsin”.
Elvin Bayramlı onu da qeyd edib ki, Azərbaycanın ən çox bal idxal etdiyi ölkələr İran, Rusiya, Ukrayna və Gürcüstandır: “Bu ölkələrdən ucuz və keyfiyyətsiz ballar gətirilir. Belə məhsullara tələbatı satış firmaları yaradır. Bazarda bir boşluq var və onlar özlərinə bir yer tapıblar.
Bəzən yerli arıçılarımızda satılmayan balları qalır ki, onları da ya növbəti ilə saxlayırlar, ya da arıya yem məqsədi ilə istifadə edirlər. İş elə qurula bilərdi ki, ilin sonuna arıçıda bal qalmazdı və növbəti ilin balı daha yaxşı satılardı.
Bu boşluqlar bal bazarına aid məsələ deyil. Dövlət elə qayda yaratmalıdır ki, Azərbaycana aşağı keyfiyyətdə məhsul gəlməsin. Əgər belə məhsullara ehtiyac yaranarsa, yerli nəzarət daxilində, müəyyən standartlar çərçivəsində ucuz məhsullar hazırlana bilər. Bir zavod bir gündə 100 ton bal şərbəti istehsal edə bilər. Şəkər tozu, su və digər dadlandrıcı elementlərdən alınan bir məhsulu niyə İrandan idxal etməliyik?!
İnsanlarımız düşünür ki, İrandan gələn məhsul keyfiyyətlidir və bu düşüncə ilə onlar maya dəyəri 1 manat olan bal şərbətini 8-9 manata alırlar. Bu, çox ciddi problemdir və insanlarımız aldanır”.