“Büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əmək haqqı, sosial müavinət və sairə) hər 3 manatdan 1 manatı kəsirdə qalacaq”.
Teleqraf.com xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu bu fikirdədir.
O bildirib ki, uzun illərdir Azərbaycanda dövlət büdcəsi daha çox neft pulları hesabına formalaşır: “Neftsiz büdcəmiz dövlətin cari xərclərini belə tam ödəmir. 2021-ci ildə dövlət cari xərclərə ümumi xərclərin 63,1 faizi və ya 18,01 milyard manat vəsait ayrılacaq. Gələn il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşəcək.
Beləliklə də qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək. Bu o deməkdir ki, büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əmək haqqı, sosial müavinət və sairə) hər 3 manatdan 1 manatı kəsirdə qalacaq.
Bildiyimiz kimi, büdcə yalnız cari xərclərdən ibarət deyil. Gələn ilin büdcəsinin 29,2 faizi və ya 8,3 milyard manatı əsaslı xərclərə, 7,7 faizi və ya 2,2 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.
Analitiki qeyd edir ki, başqa ölkələrlə müqayisəyədə neft gəlirləri çıxılarkən büdcə mövqeyimiz xeyli zəifləyir.