Nazirlər Kabineti işğaldan azad olunan ərazilərin bərpası və iqtisadi inkişafı üçün prioritetləri müəyyənləşdirib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Qarabağ bölgəsində infrastrukturun formalaşması və fərqli sektorların inkişafı üçün yeni mexanizm və meyarlar işləniləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a deyib ki, işğaldan azad olunan ərazilər üçün kənd təsərrüfatı və turizm prioritet sektorlar olacaq.
O bildirib ki, həmin ərazilərin sənaye potensialı da qiymətləndiriləcək: “Bütün bunlar isə Böyük Qayıdış planları ilə əlaqələndiriləcək. İşğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə xüsusi təşviq mexanizminin tətbiq ediləcəyi gözlənilir. Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə də aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədə uyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq, oxşar modelin istifadə arzuolunan olardı”.
Deputat qeyd edib ki, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur: “Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir”.