5 Mart 2021 14:50
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) nazirlərinin 14-cü toplantısında neft hasilatına yenidən baxılıb.

OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 27-ci iclasında alyansın ən nüfuzlu üzvləri olan Rusiya və Səudiyyə Ərəbistanı istehsalla bağlı birgə addım atmaq üçün müzakirələr aparıb. Səudiyyə Ərəbistanı ehtiyatlı davranmaq lazım olduğunu bildirsə də, Rusiya hasilatın artırılmasını istəyib.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayıb.

"OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barel təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, iqtisadçı Elman Sadıqova görə, "OPEC+" ölkələri ilk baxışda neft bazarında qiymətlərin artmasına yönəlmiş addım atıb.

O qeyd edib ki, gündəlik neft hasilatının 1.5 milyon barel artırılacağı gözlənilsə də, kiçik istisna xaric, hasilat artımı olmayacaq: “Yalnız Rusiya və Qazaxıstana gündəlik neft hasilatını 130 min və 20 min barel artıra biləcək. Növbəti iclas aprelin 1-də olacaq və may ayı müzakirə olunacaq.

"OPEC+"un bazarı aylıq nəzarətdə saxlaması müsbət, neft bazarına bu qədər təzyiq göstərməsi isə arzuolunan deyil. Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ın təzyiq və atdığı addımlara qarşı çıxsalar da, ABŞ-ın cavab tədbirləri yaxın aylarda (şist neft hasilatında) özünü kəskin göstərə bilər. Neft bazarında yenidən kəskin dalğalanmalar ehtimalı yüksəldi”.

Analitik hesab edir ki, qızılın qiymətinin bütün proqnozlara baxmayaraq enməsi gözlənilən idi: “İnflyasiyanı boğmaq üçün qızılın qiymətinin enişi səbəb və ya nəticə olmasından asılı olmayaraq baş verməli idi. Qızıl inflyasiyaya təsir göstərən əmtəədir. Qiymətinin enməsini həm maliyyə alətləri, həm də ABŞ xəzinə istiqrazlarının illik gəlirinin müsbətə keçməsi və 1 faiz ətrafına çatdırılması, maliyyənin istiqraz bazarına axmasına və qızıldan müəyyən dərəcədə çıxmasına səbəb oldu.

Dünyada baş verən hadisələr böyük güclərin arasındakı ciddi fikir ayrılıqlarının təzahürüdür. Bir çox ölkələr ciddi staqflyasiya (durğunluq) tələsinə düşməkdədirlər və ya həmin tələyə salınırlar. Staqflyasiyadan çıxmağın maliyyəti yüksək, bədəli ağırdır.

Ölkələrin etdikləri ən böyük səhvlərdən biri zamanlamadır. Sadə bir müqayisə edim. İnsanın ayağında kəsilən damarının qanını kəsmək üçün elastik bintlə bərk sıxaraq, qanaxmanı azaldırlar. Elastik bint orada əməliyyata qədər qala bilər. Günlərlə, aylarla qalsa, ayağın amputasiyasına qədər gətirib çıxara bilər. İqtisadiyyatlar da belədir. Bəzi müvəqqəti tədbirlərin uzanması iqtisadiyyatın bəlli sahəsini iflic edər. Həmin iflic olan sahə digər sahələri də iflic edər. Domino effekti yaranar. Bir çox ölkələr bu tələyə də düşməkdədir. Söhbət təkcə pandemiyaya görə qapanmalardan getmir”.

Elman Sadıqov təəssüflə qeyd edib ki, ölkələr arasındakı mövcud qeyri-bərabərlik postpandemiya dövründə çox kəskin şəkildə dərinləşəcək: “Peyvəndləmənin səviyyə və sürəti postpandemiya dövründə iqtisadiyyatların bərpasının səviyyə və sürətləri ilə düz mütənasibdir.

ABŞ-ın iqtisadi bərpa sürəti digər ölkələrə nisbətən bir neçə dəfə sürətli olacaq.

Pandemiya dövründə ən çox qazanc əldə edən Çin olub. Postpandemiya dövründə davamının olacağı şübhə altındadır.

Bunlar sadəcə baş verən bir neçə prosesin və bütün ölkələrin talelərinə təsir edəcək gedişatların qısa başlıqlarıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər