15 Mart 2021 15:39
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Füzuli rayonunda hava limanının inşası ilə bağlı işlər sürətlə aparılır. İlin sonunda hava limanının istifadəyə veriləcəyi gözlənilir. Bu, işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə xarici turistlərin gəlməsi baxımından hava limanı olduqca faydalıdır: “Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.

Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və ölkəmizə daha çox turistin gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.

Vüqar Bayramov hesab edir ki, hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək: “Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər