“Baydenin məlum bəyanatının ciddi iqtisadi təsirləri olacağını düşünmürəm. İnanmıram ki, Baydenin mövqeyi uzunmüddətli dövrdə regionda strateji tərəfdaşlığa ciddi təsir göstərsin”.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
Ekspert ehtimal edir ki, bəyanat müəyyən gecikmələrə, o cümlədən hansısa formada Türkiyənin mövqeyi daxilində müqavimətlərə gətirib çıxara bilər: “Amma istənilən halda burada baxış uzunmüddətlidir, daha stratejidir. Söhbət tərəflər üçün iqtisadi mənfəətdən, regionun inkişafından, inteqrasiyasından gedir. Prosesləri izləyəndə görmək olur ki, bu bəyanat seçkilər zamanı verilmiş vədin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bundan başqa irəliyə gedəcək nəyisə gözləmək olmaz.
Bu, Türkiyə-Ermənistan münasibətlərinin inkişafına müəyyən mənfi təsir göstərə bilər. Amma hələlikdə görünən odur ki, hər iki tərəf buna hazır deyil. Vaxt ötdükcə Baydenin çıxışında istifadə etdiyi ifadələr unudula bilər”.
Zaman-zaman Türkiyə milli valyutalarla ticarəti gündəmə gətirib. Bu mənada dolların mövqeyi zəifləyə bilərmi?
İqtisadçı hesab edir ki, indiki halda dolların mövqeyi zəifləyə bilməz: “Dövlətlər müəyyən qərarlar qəbul edə bilər. Amma bu gün iqtisadiyyatın əhəmiyyətli iştirakçısı biznesdir. Dövlətlər öz aralarındakı alqı-satqı əməliyyatlarında lirəni vahid valyuta olaraq götürə bilər. Amma özəl sektor bu prosesdə təşəbbüskar olmayacaq. Hətta bunu qanunvericiliklə məcburi etsələr belə, həmin pul investorun hesabına daxil olan kimi onu güvənilir valyutaya (avro, dollar) çevirəcək.
Məsələ odur ki, pulun dəyərsizləşməsinin qarşısı alınsın. Rubl, lirə, yapon yeni, İran tüməni indiki şərtlər daxilində uzunmüddətli vəsaitlərin saxlanması üçün etibarlı hesab edilmir. Çünki bunların arxasında institutlar, ciddi şaxələnmiş iqtisadiyyatlar dayanmır. Rusiya iqtisadiyyatı iki əsas faktordan asılıdır – Putindən və neftdən. Yəni bu ölkədə qərara verən bir nəfərdir – Putin.
Bir nəfərlərin idarə etdiyi iqtisadiyyatlar heç vaxt investor üçün dayanıqlı və güvənilir olmur. Çində də vahid partiya var. Bu, Çin üçün çox böyük partlayış mənbəyidir, nə vaxtsa baş verəcək.
Təəssüf ki, bənzər problem bu gün Türkiyədə də müşahidə olunur. İnstitutsional problemlər artıq ciddi şəkildə özünü göstərir. Bu özünü TL-nin məzənnəsində də büruzə verir. Lirənin məzənnəsi iki il ərzində az qala 2,2-2,3 dəfə dəyər itirib. Hansı investor öz pulunu TL-də saxlayacaq?!
Əgər milli valyuta ilə ticarət məcburi olarsa, bu, xarici ticarəti əngəlləyə bilər. Çünki xarici ticarət bəzi hallarda uzunmüddətli müqavilələri tələb edir. Tutaq ki, investor TL ilə müqaviləni bu gün bağlayır, amma əməliyyat 6-7 ay sonra icra olunur. Həmin dövrdə artıq TL öz dəyərini itirmiş olur. Ona görə düşünmürəm ki, bugünkü konyunktura digər valyutaların dolları sıxışdırması üçün optimaldır”.
Məlum bəyanatdan ABŞ şirkətlərinin nəsibi nə olacaq?
Rəşad Həsənov məlum məsələyə həddən artıq reaksiya verilməsini doğru hesab etmir:
“Türkiyənin öz xətti, öz yanaşması var. Onsuz da bu, bir çıxışda istifadə olunan fikirdir. ABŞ Konqresinin aşağı və yuxarı palatası “erməni soyqırım”ı məsələsini qəbul edib. Belə bir hüquqi baza olduğu təqdirdə çıxışda istifadə olunan fikir şirkətlər arası münasibətlərə nə dərəcədə ciddi təsir göstərə bilər?!
Bu gün dünyada pul, biznes ən vacib məsələdir, siyasi münasibətlərin çərçivəsini müəyyənləşdirən mühüm alətdir. Ola bilsin, qısamüddətli dövrdə müəyyən gərginlik olsun. Məsələn, ötən gün məlumat yayıldı ki, ABŞ-ın Türkiyədəki rəsmi nümayəndəliklərinin fəaliyyəti iki gün dayandırılıb. Hər kəs başa düşür ki, bu reaksiya 5-10 gün çəkə bilər. Yəni uzunmüddətli hər hansı strateji problem yaradacağını düşünmürəm”.