“Kanal İstanbul Qara Dəniz uğrunda gələcəkdə baş tutacaq əsas mübarizə üçün nəzərdə tutulub”.
Teleqraf.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu qənaətdədir.
O bildirib ki, layihə 6 ilə baş tutsa, iqtisadi üstünlükləri olacaq: “Amma əsas məsələ iqtisadiyyat deyil, hərbi gəmilərin Qara dənizə açılması ilə bağlı bəzi maneələrin aradan qalxmasıdır. Boğazlardan ancaq bəlli ölçüdə hərbi gəmilər keçə bilər, müasir hərbi gəmilərin keçməsi həm texniki, həm də bəzi beynəlxalq sazişlərə görə mümkün deyil.
Əgər layihə baş tutsa, NATO gəmiləri maneəsiz, ancaq Türkiyədən icazəyə bağlı olaraq Qara dənizə daxil ola biləcəklər. NATO-nun "dənizdən-dənizə: Baltik-Qara-Xəzər dənizi" strategiyasının tərkib hissəsinə bənzəyir. Bu strategiya üçün 16 milyard dollar heç də böyük vəsait deyil. Sözügedən layihəyə ən çox Rusiya mane olmağa çalışacaq - ən azından, mənzərə indi belə görünür”.