Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Müşfiq Məmmədli, Azərbaycanın Braziliya Federativ Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov və digər şəxslər Ələt Azad İqtisadi Zonası ilə tanış olublar.
Teleqraf.com xəbər verir ki, iqtisadi zona rəhbərliyi görülən işlər barədə qonaqlara məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixrac yönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Görüş zamanı Azərbaycan Braziliya iqtisadi əlaqələrinin Ələt İqtisadi Zonasında perspektivləri də müzakirə olunub.