13 Yanvar 2022 09:05
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər qlobal iqtisadiyyatda müşahidə edilən qiymət artımı əmlak bazarına da təsirsiz ötüşməyib. Tikinti materialları bazarında qiymətlər ötən illərlə müqayisədə xeyli artıb. Bu da mənzil bazarının bahalaşmasına səbəb olub. Ekspertlər bildirirlər ki, ötən il mənzil bazarında 10%-ə qədər qiymət artımı qeydə alınmışdı. Bunun səbəbi tikinti materiallarının qiymətinin artması ilə əlaqədardır.

Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a bildirib ki, yeni ilin başlanğıcı 2021-ci ildən çox asılıdır.

Ekspertin müşahidələrinə əsasən, ötən il əvvəlki illərə nisbətən əmlak bazarında canlanma olub: “2021-ci ildən əvvəl karantin tədbirləri, qapanmalar bütün sahələrin dayanması daşınmaz əmlak sektorunu da çökürtmüşdü. Ötən il mənzillər daha çox kreditli satışlar üzərindən oldu. İpoteka kreditləri, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) və digər özəl tikinti şirkətlərinin 10%-dən başlayan uzunmüddətli daxili kreditlərlə satışa çıxardığı mənzillər bazarın canlanmasına səbəb olmuşdu.

Əvvəllər alıcıları üç hissəyə bölmək olurdu – az pulu olan, orta və çox pulu olanlar. Az pulu olanlar təxminən 1-2 otaqlı, orta pulu olanlar 2-3 otaqlı, daha çox pulu olanlar isə yeni tikilmiş binalardan 100-150 min manat dəyərində mənzillər alırdılar. İndi bu tendensiya pozulub. Artıq az imkanı olan şəxslər, gənc ailələr nağd şəkildə pul toplaya bilmirlər, kreditlə mənzil əldə edirlər. Azərbaycan reallığı ondan ibarətdir ki, mənzillərin qiyməti əhalinin gəlirləri ilə üst-üstə düşmür. Metrolara yaxın köhnə tikili mənzillərin qiyməti 50 min manatdan başlayır. Orta və yaxud minimum əməkhaqqı alan bir vətəndaş o pulu toplayıb mənzil ala bilmir. Ona görə də kreditlə ev sahibi olmağa üstünlük verirlər”.

Elnur Fərzəliyev hazırda həm bina, həm də ucuz, çıxarışı olmayan fərdi həyət evlərinin qiymətinin yüksək olduğunu vurğulayıb: “Tikinti materiallarının qiymətlərinin artması, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu qaydalarla bina inşa edən şirkətlər məcburən qiymətləri artırır. Zamanında yerli icra hakimiyyətli harada gəldi tikinti ilə bağlı sərəncamlar veriblər. Demək olar ki, Bakının baş planı məhv olub. İki beşmərtəbəli binanın arasında olan həyəti özəlləşdirib bağçalar və ya hündür mərtəbəli binalar tikiblər. İndi şəhər iflic vəziyyətdədir. Binaların həyətində nəinki dincəlməyə park var, heç maşın saxlamağa da yer yoxdur.

Tikinti şirkətlərinin hündür mərtəbəli yaşayış binası tikməsi üçün müəyyən edilmiş tikinti normativlərinə əməl olunmalıdır. Nəticədə Bakı mövcud sıxlıqdan qorunar. Amma bu normativlərə də əməl olunan zaman mənzillərin qiyməti artır. Çünki binaların həyətyanı sahəsi, avtoparkı, yaşıllıq sahəsi olmalıdır, həmçinin hündürlük məsələsi də qorunmalıdır. Bu da binaların qiymətlərinə təsir edir”.

Ekspertin sözlərinə görə, qiymət artımı heç tikinti şirkətlərinə də sərf etmir: “MTK-lar tikdiyi mənzilləri sata bilmir, satsa da zərərli çıxır. Hesab edirəm ki, burada dövlətin mütləq şəkildə nəzarəti olmalıdır. Söhbət tikinti şirkətinin qazancından yox, vətəndaşın yığılıb qalmış problemlərinin aradan qaldırılmasından gedir.

Bu gün Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi tikinti sektorundan asılıdır. Tikinti materiallarından tutmuş mebel satışlarına qədər hər şey tikinti sahəsinin inkişafına bağlıdır. Ona görə də aidiyyəti dövlət qurumları sərtləşdirmək yox, çıxış yolu axtarmalıdır. Bu sahə həm ayaqda qalıb inkişaf etməlidir, həm də vətəndaşların evsizlik problemi aradan qalxmalıdır. Bu güzəştlər də tək Bakı üçün yox, digər bölgələri də əhatə etməlidir”.

Elnur Fərzəliyev deyir ki, daşınmaz əmlak sektorunda təbii qiymət artımı ilə bərabər süni qiymət artımları da baş verir: “İstismar müddəti bitmiş 4-5 mərtəbəli “xuruşovka” layihəli binalarda da qiymət artıb. Tutaq ki, bir neçə il əvvəl Yasamalda olan bu binada 2 otaqlı mənzil 65-70 min manat idisə, hazırda həmin mənzillər 75-80 min manata təklif olunur. Mənzil sahibi düşünür ki, o bina söküləcək, alıcıya daha çox kvadratlı və yeni mənzil veriləcək. Bu yanaşmalar da bazarda süni formada qiymət artımına səbəb olur.

Real mənzərə nəzər salsaq torpaq alıb ev tikdirmək daha sərfəlidir. Son nəticədə vətəndaş istədiyi formada mənzil sahibi ola bilir. Hazırda bazarda təklif oluna həyət evləri vətəndaşın özünün tikəcəyindən daha ucuz başa gəlir. Çünki zamanında torpaqları ucuz qiymətə, tikinti materiallarını isə ədədlə yox, topdan alıb. Hazırda köhnə və yeni binalarda orta və yaxşı təmirli mənzillərin kvadratı təxminən 1700-2000 manat arası dəyişir. Bu baxımdan təbii ki, vətəndaş özü tiksə daha ucuz başa gələr”.

Mütəxəssis ölkədəki tikinti şirkətlərinin mənzillərinə müştəri tapmaq üçün daxili kredit mexanizminin tətbiq etdiyini də deyib: “Bu növ kreditlər orta hesabla illik 10%-lə, maksimum 20 il müddətinə verilir. Bu o deməkdir ki, 10 ildən sonra 100%-ni, 20 ilə 200%-ni ödəyirsən. Yəni vətəndaş 100 min manata aldığı mənzilə 200 min manat ödəyir. Amma inkişaf etmiş ölkələrdə bu proses belə aparılmır. Ən uc kreditlər daşınmaz əmlaka verilir. Dövlət satdığı mənzildən pul qazanmağı düşünmür. Boş mənzil satılarkən onun içinin doldurulması iqtisadiyyata müsbət təsir göstərir. Yəni krediti 10%-lə yox, 2%-lə verilirsə, bu, iqtisadiyyata daha çox gəlir gətirər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər