2021-ci ilin dekabr ayında Türkiyənin enerji idxalı üçün ödədiyi məbləğ 2020-ci ilin eyni dövrü ilə müqayisədə 160,5 faiz artaraq 7 milyard 173 milyon 698 min dollara yüksəlib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi açıqlayıb.
Dekabr ayında Türkiyənin cəmi idxalı isə əvvəlki ilin eyni ayına görə 29,9 faiz artaraq 29 milyard 70 milyon dollara çatıb.
Bu məbləğin 7 milyard 173 milyon 698 min dollarını enerji idxalı kimi ümumiləşdirilən mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullar, bitumlu materiallar, mineral mumlar təşkil edib.
Ötən ilin dekabr ayında bu rəqəm 2 milyard 754 milyon dollar olaraq qeyd edilmişdi. Sözügedən dövrdə sənaye istehsalının artması, iqtisadi fəaliyyətlərin canlanması və qlobal bazarlarda enerji qiymətlərinin artması nəticəsində ölkənin idxal faktoru artıb.
Hesabat dövründə xam neft idxalı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,9 faiz artaraq 2 milyon 980 min 360 tona çatıb.