4 Fevral 2022 17:28
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TANAP-ın maksimum 31 milyard kubmetr gücündə istifadəsinə sərmayə qoyma təşəbbüslərini dəstəkləyirik".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsindən (TANAP) maksimum istifadə üçün Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır:

“Ölkələr arasında əməkdaşlıq enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı narahatlıqları nəzərə alaraq hər il daha da inkişaf edir. İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylər çərçivəsində qlobal bir fenomen olan enerji transformasiyası zərurətdir və bütün ölkələr bu transformasiya prosesləri ilə üzləşirlər.

Təbii qaz bir tərəfdən ölkələrin tədarük təhlükəsizliyini təmin edir, digər tərəfdən isə ölkələrin məqsədlərinə çatması üçün aşağı karbonlu enerji transformasiyası baxımından əhəmiyyətli yanacaq növüdür. Ona görə də bu dəhlizin Qərbi Balkanlar da daxil olmaqla yeni enerji bazarlarına genişləndirilməsi və bu gün burada enerji keçidi ilə bağlı məsələlərin müzakirəsi bizə gələcək əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar verəcək”.

Nazir qlobal epidemiya səbəbiylə iqtisadi tənəzzül yaşandığını və bundan enerji sektorunun da ciddi şəkildə təsirləndiyini vurğulayıb: “2020-ci ildə qlobal enerji tələbatının 4% azalmasından sonra sürətli bir bərpa prosesi başlandı. Bu iqtisadi canlanma bugünkü enerji sisteminin bəzi hissələrinə ciddi təzyiqlər yaradır və təbii qaz, kömür və elektrik enerjisi bazarlarında kəskin qiymət artımlarına səbəb olur. Bu hadisələr regional enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın vacibliyini də sübut etdi. Bu istiqamətdə Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı, “Cənub Qaz Dəhlizi” layihəsi mümkün olmazdı. Ona görə də Türkiyə Avropa İttifaqının tədarük təhlükəsizliyini artırmaq üçün ən uyğun yol və ən etibarlı limandır. Türkiyə infrastruktur investisiyaları və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut edib”.

Fatih Dönməz Cənub Qaz Dəhlizində boru kəməri ilə nəql olunacaq qazın həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacın olduğunu qeyd edib: “Bu çərçivədə regionumuzun rifahı naminə Azərbaycan və digər ölkələrlə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. Biz TANAP-ın maksimum gücü 31 milyard kubmetr olan istifadəyə sərmayə qoyuluşu təşəbbüslərini dəstəkləyirik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər