“Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta “siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur” prinsipinə uyğun Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır. ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə həmçinin dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq. Digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib. Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat dünən neft birjalarında volatilliyin qeydə alındığını bildirib: “Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək azalsa da, sonra da 3 faizə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur.
Qiymət azalmalarının səbəbi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanksiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var”.
İqtisadçı hesab edir ki, sanksiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görünmür: “Buna görə də, dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Amma görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlarla idarə olunur. Bazarlar isə real neft tələb edir”.