24 İyun 2022 17:09
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov “Açıq qapı” aksiyasında sosial şəbəkələrdə guya abonentlərə artıq sərfiyyatın göstərilməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, departament rəisi bildirib ki, qısa müddətdə yanlış istiqamətləndirilmiş 5 min abonent "ASAN Kommunal" mərkəzlərinə müraciət etsə də, deyilənlərin şayiə olduğu təsdiqini tapıb.

Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə media nümayəndələrinə qazlaşma prosesindəki mövcud vəziyyətlə bağlı ətraflı izahat verib. Şöbə rəisi işlərin nəzərdə tutulan plan üzrə icra səviyyəsinin qənaətbəxş olduğunu deyib.

Dəqiqləşdirilməmiş informasiyaları dövriyyəyə buraxan bəzi media orqanlarını korporativ maraqlarına görə qınayan Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev eyni zamanda, qaz təsərrüfatındakı nöqsanları ictimailəşdirən mətbu orqanlara və QHT nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin cümə günü, saat 11:00-da SOCAR “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur.


Müəllif: Yeganə Oqtayqızı