Dünyada ənənəvi təchizat zənciri dəyişib. Xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinə Şimal istiqamətindən göndərilən birbaşa yükdaşımaların axını dayanıb.
Hazırda “Taxıl dəhlizi” istisna olmaqla, müharibəyə görə Rusiya-Ukrayna limanları bloklanıb.
Buna görə də Azərbaycanın, Gürcüstanın, ümumən Qafqaz ölkələrinin və Türkiyənin mövqeyinin əhəmiyyəti artır. Başqa sözlə, yeni tranzit ölkələrə ehtiyac yaranıb. Bu fonda əsas iştirakçılardan biri kimi Azərbaycanın əhəmiyyəti də artır. Bütün bunlara baxmayaraq, Azərbaycanda real logistika şirkəti yaranmayıb.
İqtisadçı Xalid Kərimli məsələni Teleqraf.com-a şərh edib.
O, Azərbaycanda bir dənə də normal, real logistika şirkətinin olmaması fikri ilə razı deyil: “Bazarda çoxlu logistika şirkətləri var. Ümumiyyətlə, daşımaçılıq çox rəqabətli bazardır. Baryer aşağı olduğuna görə, kiçik oyunçular da bazara rahat girə bilirlər. Bütün bazarlarda peşəkarlarla yanaşı, nisbətən zəif oyunçular da var. Azərbaycanda logistika şirkətləri fəaliyyət göstərir. Sanki bütün sahələrdə ən yaxşıların qurmuşuq, bir qalıb logistika... Belə bir görüntü yaranır. Başqa sahələrlə müqayisədə logistika öndədir ki, geridə deyil.
Yaranan şirkətlər və onların imkanları Azərbaycanın iqtisadi potensialına uyğundur. Əgər dönərlilik artarsa, ona uyğun şirkətlər formalaşacaq. Statistikaya əsasən, Azərbaycan üzərindən yükdaşıma 40 faiz artıb”.
İqtisadçı logistika axınlarının dəyişməsi fikri ilə razıdır: “Yükdaşımaların axınlarının dəyişməsi həm şimal-cənub daşımalarını artırır, eyni zamanda şərq-qərb nəqliyyat dəhlizini aktuallaşdırır. Burada Azərbaycanın böyük potensialı var. Yükdaşımaların həcminin tədricən artması ölkəmizin yükdaşımaların mərkəzinə çevrilmə ehtimalını göstərir. Xüsusən də Zəngəzur dəhlizinin açılması bu istiqamətdə bir təkan ola bilər”.
Xalid Kərimli onu da əlavə edib ki, logistik şirkətləri məxsus olduğu ölkənin yükdaşımaların mərkəzinə çevrildiyi halda tanınır: “Ehtimal edirik ki, Azərbaycan gələcəkdə yükdaşımaların mərkəzinə çevriləcək. Belə olan halda ona uyğun logistik şirkətlər formalaşacaq. Azərbaycan yükdaşıma potensialının heç 1 faizini belə, istifadə edə bilmir. Hələ də bəzi yüklər İran vasitəsilə ölkəyə gətirilir. Mövcud şirkətlərin olması belə, böyük işdir.
Sahibkar 1000 TIR alıb gözləyə bilməz ki, nə vaxt Azərbaycan yükdaşımaların habına çevriləcək. Tələbat, eləcə də Azərbaycanın faktiki yük ötürmə qabiliyyəti nədirsə, əsas vəsaitlərini də, nəqliyyat vasitələrini də, imkanlarını da ona uyğun qururlar. Qənaətimcə, gələcəkdə böyük logistika şirkətləri yaranacaq”.