19 Dekabr 2014 18:00
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oksfam” təşkilatı: “Azərbaycan ərzaq cəhətdən öz daxili tələbatının 80 faizini ödəyə bilir”

Böyük Britaniyanın “Oksfam” təşkilatı Azərbaycanda kiçik fermerlərə dəstək verdiyi iki layihənin illik hesabatını təqdim edib.

Bu layihələr “Oksfam” və Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək” və “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zəncirlərinin yaradılması üçün əlverişli şəraitin yaradılması yolu ilə kiçik fermerlərin dəstəklənməsi” layihələridir.

“Böyük fermerlər hələ yaranmayıb”

Tədbiri giriş sözü ilə Oxfam təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə açıb. O, layihələrin əhəmiyyətindən və Azərbaycanda fermer təsərrüfatının inkişafının vacibliyini qeyd edib: “Məqsədimiz hər iki layihənin ilk ilinin nəticələrinin geniş ictimaiyyət və mediaya çatdırılması, dövlət və vətəndaş cəmiyyəti qurumlarının, eləcə də kiçik fermer təsərrüfatı nümayəndələrinin layihələrlə bağlı təklif və tövsiyələrinin əldə edilməsidir. Birinci layihə 4 il, ikinci layihə isə 3 il üçün nəzərdə tutulub. Bildiyimiz kimi, Prezident İlham Əliyev kiçik fermer təsərrüfatı inkişafı üçün 3 sərəncam imzalayıb. Bu sərəncama əsasən də, prosesləri başlamaq, inkişaf etdirmək və tövsiyyə verməkdir. Bütün bu prosesləri Kənd Təsərrüfat Nazirliyi və Qeyri Hökümət Təşkilatları iştirak edir. Belə ki, Azərbaycan ərzaq cəhətdən özünün daxili tələbatını 80 faiz ödəyə bilir. Hazırda Azərbaycanda Kənd Təsərrüfatının əksəriyyəti kiçik fermerlərdir. Böyük fermerlər hələ yaranmayıb. Bunun üçün müəyyən yol keçmək lazımdır”.

50 min fermerin maraqlarına xidmət edən İşçi qrupun

Nazirliyin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə Milli Məclisin Aqrar siyasət komitəsinin Oxfam təşkilatı ilə sıx işlədiyini bildirib. Onun sözlərinə görə, fermerlərin sayının çoxalması, 3 mindən artıq insanın kənd təsərrüfatı ilə məşğul olması onların bilik səviyyəsinin artırılmasını tələb edir. Məhz buna görə Aqrar siyasət komitəsinin müzakirəsinə "Kənd təsərrüfatı informasiya məsləhət xidməti"nin yaradılması ilə bağlı layihə təqdim edilib.

“Oksfam”təşkilatının proqram rəhbəri Orxan Əli bir il ərzində görülən işlərdən danışıb və bildirib ki, bu müddətdə konfranslar, dəyirmi masalar, maarifləndirmə tədbirləri həyata keçirilib. Onun sözlərinə görə, layihələrin sonunda üç nəticə əldə olunacaq: “Bunlar ərzaq təhlükəsizliyi sahəsində dövlət proqramının qəbulu, bu sahədə qanunvericilik bazasının hazırlanması və 50 min fermerin maraqlarına xidmət edən İşçi qrupun yaradılmasıdır. Bizim ekspertlər təkliflər irəli sürəcəklər”.

O qeyd edib ki, layihə çərçivəsində təşkilat və Kənd Təsərrüfatı Nazirliyi daha sıx əməkdaşlıq edəcək və İşçi qrup yaradılacaq, yerli ərzaq məhsulları üzrə tədqiqat həyata keçiriləcək, müxtəlif regionlarda fermerlərin problemləri öyrəniləcək.

5 rayon və 50 kənd

Daha sonra tədbirdə çıxış edən “Oksfam” təşkilatında layihə meneceri Ramilə Aslanova Mərkəzi Azərbaycanda çiyələk, toxumçuluq və tərəvəz təsərrüfatlarında gördükləri işlərdən danışıb: “Layihə 5 rayonda, Bərdə, Ağdam, Tərtər, Goranboy və Yevlax rayonlarında yerləşən 50 kəndi əhatə edib. Bir il ərzində bu ərazilərdə çiyələk və tərəvəz məhsullarının yeni yetişdirilmə üsulları, məhsuldarlığın artırılması, məhsulların qablaşdırılması, bazara çıxarılması, satış üçün əlaqələrin yaradılması istiqamətində işlər görülüb”.

Layihə meneceri bu istiqamətdə işlərin davam etdiriləcəyini və yeni növlərin, daha müasir avadanlıqların tanıdılması üçün işlər görüləcəyini qeyd edib.

“Qadın üçün 16 gün”

Ərzaq təhlükəsizliyi ilə bağlı layihənin illik hesabatında qeyd olunub ki, kənd təsərrüfatı sahəsi ərzaq təhlükəsizliyində ən vacib sektordur. Bu sahə ölkədə ən böyük işçi qüvvəsinə malikdir. Bu rəqəm 40 faizdir. Lakin ÜDM-də onun payı yalnız 6 faizdir. Son 5 ildə Azərbaycanda əhalinin istehlak xərclərindən ərzaq xərclərinin payı azalıb. Əgər 2009-cu ildə bu rəqəm 52,9 faiz idisə, 2013-cü ildə 41,5 faizə düşüb. İnkişaf etmiş ölkələrdə bu göstərici 25 faizdir.

İllik Forumun sonunda “Qadın üçün 16 gün” layihəsi çərçivəsində elan olunmuş məqalə və video müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər