31 Yanvar 2023 15:44
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsinə dair növbəti qərarını açıqlayacaq. Bankın İdarə Heyətinin bu dəfə hansı qərar verəcəyi maraqla izlənilir.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, AMB 2021-ci ilin ikinci yarısından pul-kredit siyasətini sərtləşdirmək istiqaməti götürüb.

Ekspert o vaxt pulun mərkəzləşdirilmiş dəyərinin 6.5 faizə qədər endirildiyini xatırladıb: "AMB xüsusən pandemiyadan sonra iqtisadiyyatda bərpa məsələlərinə kömək göstərmək üçün ucuz pul siyasətinə meyllənmişdi. Sonradan dünyada inflyasiyanın sürətlənməsi Mərkəzi Bankın istiqamətini dəyişdi. 2021-ci ilin ikinci yarısından pulun uçot dərəcəsi mütəmadi olaraq artırmaq istiqamətində dəyişikliklər gedir.

Təbii ki, faiz dərəcəsi hər iclasda artırılmır, bəzi toplantılarda sabit saxlanılır. Analoji dövrdən indiyə qədər pulun faiz dərəcələri 6.5 faizdən 8.25 faizə qədər artırılıb. Başqa sözlə, müxtəlif iclaslarda faiz dərəcələri 175 faiz bəndi artırılıb. Çünki ölkədə olan inflyasiya səviyyəsi yüksəkdir”.

Analitik deyir ki, Mərkəzi Bank inflyasiyanı sırf monetar faktorlarla əlaqələndirmir: “Əvvəlki bəyanatlarından da belə başa düşürük ki, Mərkəzi Bank ölkədə baş verən inflyasiyanın cəmi 10 faizini monetar amillərdən qaynaqlandığını düşünür. Qalan 90 faiz inflyasiyanın isə idxal vasitəsilə ölkəyə gəldiyini bildirir. Doğrudan da bu, belədir. Hesab edirəm ki, Mərkəzi Bankın hesablamasına əsaslanmaq daha doğru olar”.

Xalid Kərimlinin qənaətincə, ölkədə inflyasiyanın sürətini aşağı salmaq üçün pul-kredit siyasəti sərtləşdirilməlidir: “2022-ci ilin ikinci yarısından etibarən inflyasiyanın artım sürəti bir qədər ləngiyir. Amma yenə də ölkənin gündəmində olan əsas məsələ qiymət artımıdır. Bu problem hələ aradan qaldırılmadığına görə güman edə bilərik ki, Mərkəzi Bank mövcud pul-kredit siyasətinin sərtləşddirməsini davam etdirəcək.

Bu iclasda artım olmaya da bilər. Ümumiyyətlə, iki tip qərar qəbul edilə bilər, faiz dərəcələri ya stabil saxlanılacaq, ya da artırılacaq. Amma aşağı salınmadan hələlik söhbət getmir. Çünki Mərkəzi Bankın artım qərarlarını inflyasiya səviyyəsi ilə izah etdir. Ölkədə inflyasiya tam nəzarət altına düşmədiyinə görə, bir az müşahidə etmək qərarı verə bilər, yaxud da pulun faiz dərəcəsi 25 faiz bəndi artırıla bilər.

Ölkənin tədiyyə balansında vəziyyət yaxşıdır. Başqa sözlə, beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arzuolunan səviyyədədir. Valyutanın məzənnəsi kontrol altındadır. Bu baxımdan təkcə Mərkəzi Bankın qərarlarına təsir edən inflyasiya səviyyəsi yüksəkdir. Güman edirəm ki, faiz dərəcələri stabil saxlanılacaq, qərar vermək növbəti iclasa ötürüləcək”.


Müəllif: Yeganə Oqtayqızı