Türkiyə Avtomobil Satıcıları Federasiyasının (MASFED) sədri Aydın Erkoç sığorta şirkətlərini Kahramanmaraş və Hatayda baş verən zəlzələlər nəticəsində zədələnən sığortalı avtomobillərin qiymətlərini təcili ödəməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, federasiya sədri zəlzələdən sağ çıxan vətəndaşların resurslara ehtiyacı olduğu üçün avtomobillərini satışa çıxardıqlarını bildirib.
O, zəlzələdən zərər çəkmiş vilayətlərdə avtomobillərin əhəmiyyətli bir hissəsinin kasko sığortası olduğunu qeyd edib: “Sığorta şirkətləri tez hərəkət etməli və zərərçəkənlərin bu zərərlərini qarşılamalıdırlar. Tamamilə yararsız hala düşmüş avtomobil sahiblərinə ya yeni nəqliyyat vasitəsi təqdim etməlidir, ya da həmin maşınların dəyəri ödənilməlidir.
Əgər nəqliyyat vasitəsinin sahibi vəfat edibsə, ödənişlər onun varislərinə verilir. Vərəsəlik şəhadətnaməsi verildikdən sonra şəxs sığorta şirkətinə müraciət edib ödənişləri tələb edə bilər”.
Qeyd edək ki, zəlzələdən təsirlənən 11 vilayətdə 2023-cü ilin yanvar ayı etibarilə motorlu nəqliyyat vasitələrinin ümumi sayı 3 milyon 298 min 433 olaraq təyin olunub.