Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə 1 milyon 205 min pensiyaçı qeydiyyatda idisə, bu il yanvarın 1-də bu rəqəm 1 milyon 114 min 200-ə enib. Yəni son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65-dir və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və 65-ə çatdırılacaq.
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, bu, axan bir prosesdir və göstəricilər davamlı olaraq dəyişir.
Ekspert qeyd edib ki, pensiya kateqoriyasına daxil olan bir qisim insanlar müxtəlif səbəblərdən bu qrupdan çıxır: “Vətəndaşların digər qisim də pensiya almaq hüququ qazanır. Yəni burada bir tərəfdən çıxış var, digər tərəfdən daxilolma. Xanımların yaş həddinin hər il 6 ay artırılması prosesi davam etdiyi üçün onların pensiya sisteminə daxil olmasında gecikmələr müşahidə olunur. Nəticədə qadınlar daha çox pensiya sistemindən çıxır, amma daha az daxil olur.
Digər məsələ əlilliklə bağlı pensiyanın müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumun ortaya qoyduğu mövqedir. Birinci, əlilliyin müəyyənləşdirilməsi şərtləri sərtləşdirildi. İkinci, əvvəlki dövrlərdə əlilliyin verilməsi prosesində şübhələr olanda bu şəxslərin əlillik dərəcəsi dayandırıldı. I qrup əlillik xaric, əlilliyi olan pensiyaçılardan hər 5 ildən bir yoxlamadan keçmək tələb olunur. Pensiyaçıların əksəriyyəti yenidən qiymətləndirmə zamanı bu hüquqdan məhrum olur. Bu faktorların fonunda pensiyaçıların sayının azalmasını müşahidə edirik.
Yumşalma ilə bağlı hər hansı bir mövqe yoxdur. Hesablama Palatasının proqnozlarından aydın olur ki, 2023-cü ildə pensiyaçıların sayı ən yaxşı halda 15 min nəfərə yaxın arta bilər. Amma böyük ehtimalla bu proqnozlaşdırma zamanı əlilliyin təkrar qiymətləndirilməsi prosesi nəticəsində pensiya hüququndan məhrum olunanlar nəzərə alınmayıb”.
Milli Məclisdə pensiya yaşının azaldılması yönündə müzakirələr gedir. Azərbaycan üçün optimal pensiya yaşı həddi necə olmalıdır?
Analitik deyir ki, hazırki şərtlər daxilində Azərbaycan üçün ən optimal pensiya yaş həddi 60-dır: “2020-ci ilin göstəricilərindən yola çıxsaq, ölkədə orta ömür 73 ildir. Dünya ortalamasına görə, gözlənilən pensiya dövrü 14 il və ya 14 il 6 aydır. Əgər biz dünya ortalamasına uyğun olaraq 14 il 6 ay ərzində vətəndaşlara pensiya verməli olsaq, (hansı ki, digər ölkələrdə bu müddət 23 ilə çatır) burada 73 ildən 14 il 6 ayı çıxmalıyıq.
Amma nəzərə almaq lazımdır ki, 2020-ci ildən yaş, gözlənilən ömür məlumatları pandemiya səbəbindən müəyyən qədər aşınmışdı. Epidemiyadan əvvəl bu göstərici təxminən 74-75 yaş arasında dəyişirdi. 14 il 6 ay çıxanda təxminən 60 yaş qalır ki, ən uyğun və ədalətli yol budur. Çünki nəzərə almaq lazımdır ki, bu gün vətəndaşlara 65 yaşında pensiya verilir. Hökumət pensiya müddətini isə qanunla 12 il təsdiq edir. Başqa sözlə, 2006-cı ildə qanunla gözlənilən pensiya dövrü 144 ay təsdiq olunub.
Əslində, indiki şərtlər daxilində vətəndaşların pensiyası hesablanarkən, kapital 144-ə bölünərək daha az məbləğ müəyyən edilir, amma ödənilən dövr ən yaxşı halda cəmi 7-8 il olur. Bu da iki dəfəyə yaxın aylıq pensiya məbləğinin aşınmasına gətirib çıxarır”.