27 Aprel 2023 16:02
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb.

Dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a açıqlamasında dövlət büdcəsinin xərc istiqamətlərinin müəyyənləşdirildiyini deyib.

O bildirib ki, büdcə hökumətin maliyyə planıdır:

“Ölkə Prezidenti Neftçalaya səfəri zamanı müsahibəsində qəbul edilmiş qərar haqqında müəyyən məlumatlar verdi.

Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri hökumətin artım proqnozunu üstələyib. Belə ki, vergi və gömrük xətti ilə təqribən 1,5 milyard manat artıq vəsait toplanıb. Bundan sonra büdcəyə yenidən baxılmaq məsələsi gündəmə gəldi. Əslində, artıq vəsait toplamaq büdcənin dəyişdirilməsi üçün əsas deyil. Amma hökumət həm artıq vəsaitin toplandığını, həm də sürətli görəcəyi işlərin olduğunu bildirərək bu dəyişikliyə gedir.

Prezident çıxışında dövlət büdcəsinə yenidən baxılacağını və büdcənin xərclər hissəsində 3 milyard manata qədər artıma gediləcəyini vurğuladı. Burada iki əsas istiqamət götürülüb. Birinci, Şərqi Zəngəzur və Qarabağın bərpasına daha çox vəsaitin ayrılacağı gözlənilir. İlin əvvəlində bu istiqamət üzrə 3 milyard manat ayrılacağı planlaşdırılmışdı, görünür indi bu xərc artırılacaq. İkinci istiqamət isə milli təhlükəsizliyin təmini və orduya ayrılan vəsaitin həcminin artırılması, maddi-texniki bazasının gücləndirilməsidir.

Təbii ki, Prezidentin məlum çıxışında büdcədən ayırmanı bu iki istiqamət üzrə məhdudlaşmadı. Amma digər istiqamətlər haqqında da ətrafı danışmadı”.

Dəyişiklikdən sonra əməkhaqqı və pensiyalar artırıla bilərmi?

İqtisadçı əməkhaqqı və pensiyaların artırılacağı istiqamətində əlavə addımların atılacağını güman etmir: “Əgər belə bir fikir olsaydı, ən azından Prezidentin çıxışında bu işartını görərdik. Digər tərəfdən həm pensiya kapitalının, həm də əmək pensiyalarının artırılması üçün indeksasiya metodu var. Bu metoda əsasən, pensiyalar ildə bir dəfə artırılır. Xüsusən pensiyaların artırılması istiqamətində hökumətin hər hansı addım atacağını düşünmürəm.

Ümumiyyətlə, dəyişiklikdən sonra büdcənin xərcləri daha çox tikinti və investisiyaya yönəldiləcək. İlin əvvəlində minimum əməkhaqqı artırıldı və bunu yenidən artırılacağın gözləmirəm. Konkret sektorlar üzrə əmək haqlarında dəyişiklik edilə bilər. Tutaq ki, hansısa dövlət qulluqçularının əməkhaqqısı 10 faiz artırıla bilər. Amma bunun geniş auditoriyanı əhatə edəcəyini gözləmirəm. Çünki hökumət üç ay əvvəl artımlara gedib, yenidən belə bir addım atmayacaq.

Təbii ki, minimum əməkhaqqının, pensiyaların, yaşayış minimumunun və ehtiyac meyarının da artacağı ehtimalı var. Ancaq bunlar cari ilin dekabrında olacaq. Bunun tez olacağını demək cəmiyyətə yanlış mesaj verə bilər.

Ediləcək dəyişikliklərdən sonra büdcənin xərcləri 3 milyard manat artırılacaq. Bu da əsasən milli təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətinə yönələcək. Bu nöqteyi-nəzərdən sosial xərclərin artırılacağı planlaşdırılımır”.


Müəllif: Yeganə Oqtayqızı