“Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artım nəzərdə tutulub. Bu, 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq: “Bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək.
Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”.
Qeyd edək ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə əsasən, dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.