25 Oktyabr 2023 09:23
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 faiz çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.

Teleqraf.com-un suallarını sığorta üzrə eksperti Pərviz Quliyev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Pərviz bəy, icmal rəqəmləri fonunda sığorta bazarının mövcud durumunu nə dərəcədə qənaətbəxş hesab etmək olar?

- Ümumi baxanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artım görürük. Bu, kifayət qədər yaxşı göstəricidir. Nəticə etibarilə ilin sonuna qədər toplam yığımlar daha sevindirici olacaq. Bu ondan xəbər verir ki, sığorta yığımları bu il ilk dəfə 1 milyard manat hədəfinə çatacaq. Bu, faiz göstəricisi ilə də çox yaxşı artım deməkdir.

Sığorta bazarı müqayisə olunanda əsas parametr kimi yığımların ümumi daxili məhsulda (ÜDM) nisbəti götürülür. Həmişə sığorta bazarının ÜDM payı çox aşağı olub. İllərdir ki, Azərbaycan sığorta bazarı ümum daxili məhsulun cəmi 0.8-0.9 faiz həcmini keçə bilmirdi. İlk dəfə sığorta bazarının ÜDM-in 1 faiz həcmində olmasına şahid olacağıq. Bu nəticə bizi sevindirir. Əvvəlki illərlə müqayisədə ciddi bir artımdan söhbət gedir. Bu da çox müsbət tendensiyadır.

- Sığorta bazarındakı mövcud ümumi böyümədə əsasən hansı siniflərin aktivliyi daha çox müşahidə olunur və bunun obyektiv səbəbləri nədir?

- Burada əsasən həyat sığorta sinfi olan “Həyatın yaşam sığortası”nı ilk sıraya qoymaq olar. Bu istiqamətdə ciddi artımlar var. Hazırda sığortanın bu sinfi üzrə potensialının çox kiçik bir hissəsindən istifadə edirik.

Bildiyimiz kimi, “Həyatın yaşam sığortası” bir investisiya məhsuludur. Bu sığorta növü üzrə müqavilələrdəki əsas məqam əməkhaqqıdır. Əmək müqaviləsi olmayan şəxslər “Həyatın yaşam sığortası” etdirə bilməz. Sözügedən sığorta növünə həm dövlət, həm də özəl şirkətlərdə çalışan istənilən şəxs qoşula bilər.

Qaydalara görə, aldığımız əməkhaqqının 45-50 faizini “Həyatın yaşam sığortası”na yönəldə bilərik. Burada əməkhaqqının sığorta üçün ayrılan hissəsi vergi və sosial ödəmələrdən azaddır və həmin məbləğ də yığım hesabımıza daxil edilir. Bu sığorta üzrə müqavilə müddəti minimum 3 il nəzərdə tutulub.

Qeyd olunan müddət ərzində sığorta hesabımızda toplanan həmin vəsaitin üzərinə investisiya faizi də gələrək 3 il ərzində aldığımız əməkhaqqıdan daha yüksək məbləğ əldə edilmiş oluruq.

İnsanlarımız bu sığorta növünün üstünlüklərini, faydasını və fəlsəfəsini hələ də tam dərk edə bilmir. Bu gün istər dövlət, istərsə də özəl sektorda çalışan çox sayda insanlar var ki, bu məhsuldan xəbərləri olsa belə, ona qoşulmaqdan çəkinirlər. Halbuki bu, çox gözəl investisiya məhsuludur.

Burada ölüm riski deyilən bir təminat da var. Əgər 3 il ərzində sığorta hadisəsi baş verərsə, yəni sığorta olunan şəxs vəfat edərsə, hesabında toplanmış sığorta pulunu ailə üzvləri alır. Müqavilədə son ödəniş məbləği qeyd olunub. Hesab edirəm ki, burada çox böyük potensial var.

Kim bu sığorta məhsulundan faydalanırsa, yaxın ətrafı ilə üstünlüklərini bölüşür. Bu nöqteyi-nəzərdən ilbəil bu sığorta növünə qoşulanların sayı artır. Növbəti ildə daha çox artacağını müşahidə edəcəyik.

Bundan əlavə, avtonəqliyyat vasitələrinin icbari sığortası potensialına görə ən çox satılan sığorta məhsuludur. İcbari sığorta olması ilə yanaşı, burada dövlət yol polisi tərəfindən bir nəzarət mexanizmi də var. Bu sığorta sinfi üzrə yığımlarda da artım var. Bu artıma səbəb isə il ərzində ölkəyə gətirilən avtomobillərin sayının çox olmasıdır.

Təyinatından asılı olmayaraq, həmin nəqliyyat vasitələri mütləq qaydada icbari sığortalanır. Əks təqdirdə cərimə mexanizmi işə düşür.

Sığorta siniflərinə ayrı-ayrılıqda nəzər salsaq görərik ki, fərqli növlər üzrə də artımlar var. Hətta avtomobillərin könüllü sığortasında belə, artım qeydə alınıb. Bu da müəyyən kateqoriya insanların sığortaya önəm verməyə başlamasından irəli gəlir. Bu, yaxşı tendensiyadır.

- Hazırkı məqamda hansı amillər sektorun inkişafına müsbət təsir edir və təkan verir?

- Təbii ki, sığortanın inkişafı və bu məhsulların daha geniş kütləyə çatdırılması üçün ən məhsuldar alət maarifləndirmədir. İstənilən bazar üçün bu, çox önəmlidir.

Son üç ildə Azərbaycan Mərkəzi Bankın strategiyasına baxsaq görərik ki, çox aktiv və fərqli maarifləndirmə tədbirləri həyata keçirir. Nəticədə həm Bakıda, həm də regionlarda əhalinin sığorta ilə bağlı bilikləri artıb. Bu da sektorun inkişafına yaxşı təsir edir.

Təbii ki, bu, son deyil. Hesab edirəm ki, ölkəmizdə insanların sığortaya olan münasibətinin tamamilə dəyişdiyini, müəyyən bir sığorta mədəniyyətinin formalaşdığını görənə qədər bu cür tədbirlər mütəmadi aparılmalıdır. Yəqin ki, ən yaxşı halda bu ortam 5-8 il sonra daha aydın nəzərə çarpacaq.

O dövrə qədər ciddi maarifləndirmə tədbirləri ilə yanaşı, sığorta məhsullarının, eləcə də xidmətlərinin tanıtımı aparılmalıdır. Əgər bu gün ÜDM-də sığorta bazarının payı 1 faizdirsə, bunu 2 faizə çatdırmaq üçün bu tədbirlər dayanmamalıdır.

- Artıq cari il yekunlaşır. İl sonuna olan proqnozlar və gələn ildən gözləntilər barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, ilin sonuna 1 milyard manatdan artıq sığorta yığımı əldə edəcəyik. İndiki gedişat təxminən 1 milyard 200 milyon və ya 1 milyard 300 milyon manat civarında formalaşacaq bir yığım vəd edir. Qənətimcə, növbəti ildə bu artım tendensiyasını 25-30 faiz səviyyəsində götürmək olar.

İqtisadiyyat inkişaf edir, böyüyür. Atıq Qarabağ iqtisadi rayonunda gedən bərpa-quruculuq işləri çərçivəsində müəyyən müəssisələr tikilib istifadəyə verilir. Orada başlanılan müxtəlif layihələr iqtisadiyyatın ayrılmaz hissəsi olaraq müəyyən mənada sığortaya cəlb ediləcək. Qarabağ iqtisadi rayonundan gözlədiyimiz dövriyyə fonunda baş verəcək sığorta müqavilələri sektorun yığımlarına ciddi şəkildə təsir edəcək. Qarşıdakı ildə bunun ilkin cücərtilərini görəcəyik.

Son baş verən hadisələr (torpaqlarımızın işğaldan azad edilməsi – red.) 2024-cü ildə Qarabağda quruculuq işlərinin daha sürətlə aparılmasını vəd edir. Növbəti 3-5 il ərzində orada iqtisadiyyata ciddi qatqı təmin edəcək layihələrin ərsəyə gəlməsi gözlənilir. Mütləq qaydada bu layihələrin icrasında sığorta xidmətlərindən də istifadə olunacaq ki, bu da ümumi olaraq yığımların artımına təkan verəcək.

Ümumiyyətlə, Azərbaycan sığorta bazarının böyük potensialı var. Bunu daha da artırmaq üçün aidiyyəti qurumlar, sığorta şirkətləri durmadan çalışmalıdır.


Müəllif: Yeganə Oqtayqızı