Alim suvarma konstruksiyaları istehsal edən yeni zavodun inşasını təklif edir
Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilib.
Statistika Komitəsinin məlumatında Azərbaycanda 1 milyon 800 min hektar əkinə yararlı torpaq sahəsinin olduğu bildirilir ki, bunlardan 1 milyon 300 min hektarı suvarma əkinçiliyinə daxildir. 500 min hektar ərazi isə dəmyə əkinçiliyidir ki, bu ərazilərə daha çox dağlıq və dağətəyi zonalar daxildir.
Mütərəqqi üsullardan istifadə zərurəti yaranıb
Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmovun bildirdiyinə görə, Azərbaycanda suvarma əkinçiliyi ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzi hökumətə müvafiq təkliflər verib və o təkliflər sırasında suvarma işlərində mütərəqqi üsullardan istifadə də yer alıb: “Torpaqların deqradasiyası ilə bağlı layihə üzərində işləyərkən məlum oldu ki, əkin işləri aparılan torpaq sahələrinin deqradasiyaya uğramaması üçün mühüm addımlardan biri də müasir tələblərə cavab verən suvarma sisteminin qurulmasıdır. Belə bir sistemin qurulması həm sudan qənaətlə istifadə, həm də məhsuldarlığa birbaşa müsbət təsir deməkdir. Damcı suvarma, yağış yağdırma və sair üsullar var ki, hansı region üçün daha səmərəlidirsə, o üsuldan istifadə daha məqsədəuyğundur.
Özbəkistan da arid zonadır, bu ölkə hələ 70-ci ildən damcı suvarma sistemi ilə məşğul olur və yüksək məhsuldarlıq qazanır. Bizim ölkədə də müasir tələblərə cavab verən suvarma sistemlərinin tətbiqi zəruri və mütləqdir, bu sistemin tətbiqi kənd təsərrüfatının inkişafına kömək edər".
Azərbaycanda 40-dan çox suvarma sistemi var
Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini Zakir Əliyevin bildirdiyinə görə, institut mütərəqqi üsullarla suvarma sisteminə dair 40-dan çox modifikasiyada konstruksiyaya müəlliflik edir: “Bu konstruksiyalar ayrı-ayrı sahələrdə öz tətbiqini tapıb. 19-dan çox parametrlər üzrə araşdırmalar aparılıb və bu konstruksiyalar hazırlanıb.
Ayrı-ayrı regionların təbii iqlim şəraiti, coğrafi, hidroloji xüsusiyyətləri və sair nəzərə alınmaqla o regiona uyğun iş rejimi tənzimlənib, hazırda bu konstruksiyaların tətbiqi ölkə üzrə suvarılan ərazilərin 5 faizini təşkil edir. Təəssüf ki, geniş tətbiqinə institutun maddi vəsaiti yetərli deyil. Amma geniş tətbiq olunması üçün elmi monoqrafiyalarda, konsepsiyalarda öz təkliflərimizi vermişik".
Qloballaşma şəraitində mütərəqqi üsullarla suvarmanın rolunu danılmaz hesab edən alim qeyd etdi ki, hazırda əkin sahələrinin suvarılması ilə bağlı zəncirvari problemlər yaranıb, 42 faiz eroziya var, torpaqlarımızda keçəlləşmə, şoranlaşma və şorakətləşmə, bəzi ərazilərdə sürüşmə ehtimalı artıb, qrunt sularının səviyyəsi 1 metrdən yuxarı qalxıb ki, orada əkinçiliklə məşğul olmaq qətiyyən yolverilməzdir.
Bu baxımdan, həm də əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı artdığı üçün mütərəqqi üsullarla suvarmanın tətbiqinə hədsiz ehtiyac yaranıb.
20 patent alan ixtira ölkəyə böyük iqtisadi gəlir gətirə bilər
Alim dedi ki, onun 20 müəlliflik hüququ alan layihəsi var və bu layihələrin əldə olunmasına bir çox xarici ölkələrdən maraq göstərilir. Zakir Əliyev dedi ki, patent alan mütərəqqi üsullu avadanlıqların həm ölkə daxilində geniş tətbiqi, həm də xaricə satılması ölkəyə böyük iqtisadi gəlir gətirə bilər: “Əldə etdiyimiz nailiyyətlər çoxdur. Ölkənin bütün əraziləri üzrə tədqiqatlarımız davam etdirilir. Damcılı suvarma sistemi, aerozol suvarma sistemi, adi yağış yağdırma, impuls yağdırma, sinxron yağış yağdırma və şair kimi konstruksiyalarımız var. Bu konstruksiyalar bütün texniki tələblərə cavab verir, elmi dəlillərlə ən yüksək dərəcədə əsaslandırılıb. Yaxşı olardı ki, bu məhsulların geniş tətbiqi üçün Azərbaycanda ixtisaslaşmış zavod inşa ediləydi.
İsraildən idxal olunan 12 min dollarlıq avadanlığın bir hektar ərazidə tətbiqi üçün bizim içdiyimiz su qədər təmiz sudan istifadə tələb edilir. Bu avadanlıq yerli şəraitə uyğun gəlmədiyi üçün bir ilə sıradan çıxır. Amma yerli istehsal 3 min 500 manata başa gəlir və hazırlanma texnologiyasına, tətbiq şəraitinə görə 5-8-10 il işləyə bilər.
Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının təmiz su ilə suvarılması yox, lilli su ilə suvarılması əhəmiyyətlidir, çünki mineral maddələr daha çox lildə toplanır. Patent almış bu avadanlıqlara xaricdən də böyük maraq var".
Sərəncamın icrasının hansı əhəmiyyətləri var?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, nazir Heydər Əsədov bölgələrdə əhali ilə görüşərkən qaldırılan əsas məsələlərdən biri fermerlərin suvarmaya olan ehtiyacının yaxşılaşdırılması ilə bağlı olub. Bu səbəbdən də belə bir sərəncamın verilməsi zərurəti yaranıb.
KTN rəsmisi dedi ki, sərəncamın icrası nəticə olaraq məhsuldarlığın artırılması, suvarma əkinçiliyinə sahibkarların marağının yaradılması, həm də bu sahəyə investisiya qoyuluşunun stimullaşdırılması məqsədi daşıyır: “Sərəncama uyğun olaraq iki ay müddətinə suvarma sistemlərinin verilmə qaydalarının mexanizmi müəyyənləşəcək və icrasına başlanacaq. Məlumdur ki, havaların quraq keçməsi kənd təsərrüfatına müəyyən qədər təsir göstərir. Fermerlərin regionlarda əsas qarşılaşdıqları problemlərdən biri də suvarma ilə əlaqədardır. Suvarma işlərinin yaxşılaşdırılması son nəticədə məhsuldarlığa müsbət təsirini göstərir.
Sərəncamın icrası həm də bu sahəyə sahibkarların marağının artması, bu sahəyə investisiya qoyuluşunun stimullaşdırılması məqsədi daşıyır. İnvestorların, sahibkarların bu sahəyə marağı varsa, dövlət tərəfindən 40 faiz onlara güzəşt olunacaq. Bu da təbii ki, bölgələrdə su təminatının yaxşılaşmasına, fermerlərdə madii təminatın yüksəlməsinə və məhsul istehsalının artırılmasına öz töhfəsini verəcək".
Sevil Hilalqızı