Dövlət Sosial Müdafiə Fondunda (DSMF) TAİEX proqramı çərçivəsində “Pensiya Təminatı Sisteminin Maliyyə Dayanıqlığının Qiymətləndirilməsi” mövzusunda Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) ekspertlərinin iştirakı ilə təqdimat-seminar keçirilib.
Tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, ölkədə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatıb”.
Zakir Babayev vurğulayıb ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır:
“Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib. Bununla yanaşı, qlobal çağırışlar və beynəlxalq tendensiyalar pensiya sisteminin maliyyə dayanıqlığının uzunmüddətli dövrdə təmin olunmasını zəruri edir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun qlobal iqtisadi mühitdən yaranan riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər çevik strategiyaya malik olması əsas hədəfdir. Göstərilənlərlə bağlı sistemin maliyyə modelinin təkmilləşdiriməsi və risklərin çevik idarə olunmasının gücləndirilməsinə xidmət edən müxtəlif ssenarilər üzrə təhlillərin aparılması, simulyasiyaların verilməsi kimi alətlər tətbiq olunur”.
Zakir Babayev TAİEX proqramı çərçivəsində Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyi (AFETI) ilə birgə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə çıxış edən Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) nümayəndəsi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlərinin fəaliyyətində meydana çıxan ciddi çətinliklərdən bəhs edərək bu sahədə mövcud problemlərin həllinə yönələn islahatların beynəlxalq inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Qlobal çağırışlar fonunda ölkəmizdə bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nı yüksək qiymətləndirən ekspert sənədin Azərbaycanın pensiya sisteminin daim yenilənən müasir tələblərə və beynəlxalq inkişaf trendlərinə uyğunlaşdırılması və preventiv islahat tədbirlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb.
Daha sonra agentliyin digər nümayəndəsi, beynəlxalq ekspert, Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri François Durin qlobal iqtisadi proseslər fonunda sığorta-pensiya sistemlərində maliyyə dayanıqlığı mövzusunda təqdimatla çıxış edib. Ekspert öz çıxışında Azərbaycanda sığorta-pensiya sistemində yüksək dayanıqlıq potensialının yaradılması və sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunması üçün reallaşdırılan tədbirlərin mühüm əhəmiyyətindən bəhs edib.
Naibə QURBANOVA