Fevralın 17-də Ağsu rayonunun Ləngəbiz kəndinə təbii qazın verilişi bərpa edilib.
Teleqreaf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə Şirkətin prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev, Ağsu rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məlumat verilib ki, 135 abonenti olan Ləngəbiz kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumilikdə 10 465 metrlik müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur.
R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.