Fevralın 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə sənayenin maşınqayırma, metallurgiya, kimya, tikinti, qida və mebel sahələrində fəaliyyət göstərən 50-dən çox müəssisənin nümayəndələri iştirak edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkədə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb. Niyazi Səfərov sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işləri, aparılan islahatları diqqətə çatdırıb, iqtisadi fəallığın artırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə qəbul edilən normativ aktlar barədə məlumat verib. Vurğulanıb ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılmasına, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyinin artırılmasına əlavə stimul yaradır.
Sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.
Sonra Sahibkarlar (İşəgötürənlər) Təşkilatlari Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətini vurğulayıb. O, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına yeni imkanlar yaratdığını qeyd edib.
Naibə QURBANOVA