Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənlinin çəkişməsi davam edir. Belə ki, Kamran Həsənlinin bacısı Gülər Həsənli Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan Kamran Həsənlinin vəkili Türkel Süleymanlı Gülər Həsənlinin bu işlə əlaqəsinin olmadığını qeyd edib: “Gülər Həsənlinin bu işlə əlaqəsi yoxdur. Onu bu işə sonra qoşdular. Gördülər ki, onların işi alınmır, istintaq obyektiv gedir, bu variant əl atdılar. Bu iş mülki işidir, cinayət işi deyil. Heç kim biznes quranda bilmir ki, sonu necə olacaq. Telman İsmayılov müflis oldu. Həyatdır da. Kamran Samirdən dörd dəfə artıq pul itirib. Samir 80 min dollar itiribsə, Kamran 300 min avro itirib. Dörd dəfə artıq əmlakını itirən adam necə dələduz ola bilər?”
Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək, K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Rəqsanə