Gənc Tamaşaçılar Teatrının tanınan gənc aktrisası Günel Məmmədova uzun müddətdən sonra müsbət qəhrəman obrazını canlandıracaq.
“Günəşim ol” serialı ilə ekranlara qayıdan aktrisa Teleqraf.com-a açıqlamasında 5 illik həsrətinə son qoyulduğunu deyib:
“Nəhayət, 5 ildən sonra mənə müsbət bir obraz həvalə olundu. Serialın rejissoru Şahin Qəhrəman, ikinci rejissoru Zaur Hüseyn, baş prodüseri Yaşar Əhmədovdur. Bu rolu mənə həvalə etdiklərinə görə onlara təşəkkür edirəm. Əslində mənim üçün çox məsuliyyətlidir. Çünki 5 il ərzində tamaşaçıların yaddaşında məhz mənfi rollarla qalmışam, sevgilərini də bu rollara görə qazanmışam. Qəribədir ki, bundan öncə istər filmdə, istərsə də seriallarda müsbət rollarda oynasam da bu qədər ajiotaj qazanmamışdım.
İllərlə bir-birinin ardınca yalnız mənfi obrazlar yaradıb, indi də müsbət obrazda tamaşaçıların qarşısına çıxmaq çox məsuliyyətlidir. Amma əlimdən gələni, gəlməyəni edəcəm ki, tamaşaçı məni bu obrazda da sevsin”.
Aktrisa çəkilişlərin Lənkəranda aparıldığını deyib: “Burda peşəkar komanda işləyir, çəkilişlərimiz əsasən Lənkəranda aparılır. Bu serialda Bakıdan olan aktyorlarla yanaşı Lənrəkan Dövlət Teatrının da aktyorları çəkilirlər.
Süjet xəttini tam olaraq danışmaq istəməzdim. Amma onu deyim ki, bu serialda kənd həyatında yaşanan müəyyən problemlərə toxunacaq, sürət dövrü olmasına baxmayaraq hələ də cahil ömür sürən, haqsızlıqla, qorxuyla üz-üzə qalan insanların həyat tərzindən, eləcə də kənd həyatının gözəl adət-ənənələrindən də bəhs olunacaq. Obrazım Nərgiz adlı müəllimədir. Cavan qızdır və təyinatla kənd məktəblərinin birində ədəbiyyat fənnindən dərs deyir...”
Aktrisanın serialda tərəf müqabilləri Rəşad Kəsəmənli və Elnar Qarayevdir.
Nərmin