20 Sentyabr 2016 13:05
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva sentyabrın 26-da keçiriləcək referendumla bağlı saytımıza müsahibə verib.

Modern.az saytı xalq artisti ilə müsahibəni təqdim edir:

- Nazpəri xanım, bilirik ki, dövlətimizin qayğısı, diqqəti olmasaydı, mədəniyyət-sənət aləmində ciddi çətinliklər, problemlər olardı. Bu barədə nə düşünürsünüz?

- Həqiqətən də Azərbaycanda sənət adamlarına yüksək dövlət qayğısı var. Biz sənət adamları dövlətin diqqət və qayğısını hər zaman hiss etmişik. Sənət adamlarına göstərilən bu qayğının banisi ulu öndərimiz Heydər Əliyev olub və hər birimiz bilirik ki, ümummilli liderimizin incəsənətə qayğısı sonsuz idi. Ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə daim dövlət qayğısı göstərilməsi ilə bağlı əsasını qoyduğu ənənələri bu gün cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva layiqincə yaşadır. Dövlət başçımızın və Azərbaycanın birinci xanımının mədəniyyətimizə olan həssas münasibəti, sənət adamlarına göstərdikləri bu qayğını biz yüksək dəyərləndiririk. İncəsənət xadimlərinin Azərbaycan Prezidentinin mükafatlarına, fəxri adlara, fərdi təqaüdlərə layiq görülməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlar mədəniyyətimizə verilən diqqətin bariz nümunəsidir.

- Ölkəmiz gündən-günə inkişaf edir, sabitlik, əmin-amanlıq hökm sürür. Yəqin ki, siz sənət adamlarının fəaliyyəti üçün belə bir şəraitdə işləmək daha məhsuldar olar.

- Əlbəttə. Ölkəmizdə hökm sürən əmin-amanlıq şəraitinə görə biz ilk növbədə cənab Prezidentimizə borcluyuq. Ölkə başçısının uzaqgörən siyasətinin müsbət nəticəsi kimi biz sənət adamları bugünkü şəraitdən bəhrələnərək fəaliyyət göstərir, günü-gündən çiçəklənən Azərbaycanın uğurlarından fəxarət hissi keçiririk. Bu sahədə çalışan insanların sosial-rifah halının yaxşılaşması, onların iş şəraitinin günün tələbləri səviyyəsinə çatdırılması, mədəniyyətimizin inkişafı, bütün bunlara görə şəxsən öz adımdan cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm.

Fürsətdən istifadə edib bu günlərdə möhtərəm Prezidentimizin Sabunçu rayonunun 311 saylı orta məktəbinin açılışı zamanı söylədiyi fikirlərə toxunmaq istəyirəm. Cənab Prezident çıxışında bildirdi ki, bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Elə etməliyik ki, gələcək nəsil bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər bu istiqamətdə daha fəal iş aparmalıdırlar.

Mən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi kimi cənab Prezidentin bu fikirlərini özüm üçün də bir göstəriş kimi qəbul edərək fəaliyyətimi bu istiqamətdə qurmağı qarşıma məqsəd qoydum.

Söylədiyi bu fikirlərlə möhtərəm Prezident öz tarixinə və milli dəyərlərinə nə qədər bağlı olduğunu bir daha təsdiqlədi. Biz vətənpərvərliyi, Vətənə bağlılıq hisslərini cənab Prezidentimizdən öyrənirik.

Allah Prezidentimizi qorusun!

- Sentyabrın 26-da keçiriləcək referendumla bağlı münasibətinizi öyrənmək maraqlıdır. Seçkilərə qatılacaqsınızmı?

- Təbii ki, təkcə özüm yox, bütün ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm. Dövlətini, dövlətçiliyini sevən bir vətəndaş kimi cənab Prezidentin Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı verdiyi təklifi dəstəkləyəcəyəm. Hesab edirəm ki, ölkə başçısının verdiyi bu təklif cənab Prezidentin uzaqgörən siyasətidir, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə hesablanmış addımıdır.

Mən sentyabrın 26-da keçiriləcək, referendumla bağlı bütün sevənlərimə üz tutub onları ümumxalq səsverməsində aktiv iştirak etməyə səsləyir, Azərbaycanımızın gözəl gələcəyi naminə dövlət başçımızın Konstitusiyaya etdiyi dəyişikliklərlə bağlı təklifini dəstəkləməyə çağırıram.


Müəllif:

Oxşar xəbərlər