7 Oktyabr 2016 10:22
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 6-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə klassik musiqi axşamı təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan 18 sentyabr - Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu dahi bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.

L.Qasımova bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan və Avstriya musiqiçilərinin birgə konsertləri ənənə halını alıb və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hər il Bakıdan istedadlı musiqiçilər Vyanaya dəvət olunur.

Konsertdə Vyana musiqisevərlərinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi və dirijorluğu ilə “Şərqdən Qərbə” adlı klassik musiqi proqramı təqdim edilib. Vyana Kamera Orkestrinin ifasında Azərbaycan bəstəkarları Fikrət Əmirov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Həsən Rzayevin ölməz əsərləri səsləndirilib. Azərbaycanın Əməkdar Artisti, tarzən Sahib Paşazadə və gənc muğam ifaçısı, muğam müsabiqələrinin laureatı Rəvan İsmayılovun ifaları könülləri fəth edib. Azərbaycan muğamlarının elementlərini özündə ehtiva edən klassik musiqi proqramı tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər