Müğənni Faiq Ağayev talış dilində mahnı oxuyub.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb. Faiq Ağayev illər öncə Rəşid Behbudovun ifa etdiyi “Zanqeyarım” talış xalq mahnısını yeni versiyada yaxın günlərdə təqdim edəcək. Hələlik isə müğənni dinləyiciləri üçün mahnının promo-versiyasını yayımlayıb: “Böyük fəxrlə diqqətinizə ifamda “Zanqeyarım” adlı Talış xalq mahnısının promo-versiyasını təqdim edirəm.
Bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin xalq artisti, dahi Rəşid Behbudov təqdim edib.
Dostum, istedadlı rejissor xüsusən "Zanqeyarım" adlı layihəm üçün, xahişimlə bu gözəl ifa üzərinə video hazırlayıb. Həmin videonu da Rəşid Behbudovun əziz xatirəsinə böyük ehtiram və sevgi ilə sizə təqdim edirəm.
"Zanqeyarım" xalq mahnısı talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgəsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini sübut edir.
Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.
"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var.
Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo edib.
Yaxın günlərdə mahnının bütöv versiyası radiolarda yayınlamağa başlayacaq”.
Pərvin