2 Noyabr 2016 14:12
10 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış aparıcı Vüsalə Əlizadə ilə müsahibəni təqdim edir:

- Vüsalə xanım, “Qadına görə” verilişiylə yenidən fəaliyyətə başlayırsınız, yeni sezonda nə kimi dəyişiklik olacaq?

- Bu proqramda qadınlara xidmət göstərəcəyik. Biz bu işə başlayanda başqa kanalların heç birində qadın verilişi yox idi. Süjet şəklində idi. İki il ATV-də yayımlandı və bu illər ərzində izləyicilərin sevimli verilişinə çevrildi. Digər kanallar bizi təkrarlamağa başladı. Ona görə də proqramda müəyyən dəyişiklik etdik. Sujetlərimiz fərqli məkanlarda olacaq. Yenə məqsədimiz insanlara xidmət etməkdir.

- Verilişinizin yayım tarixi dəqiqləşibmi?

- Bəli, noyabrın ilk həftələrində, inşallah, efirdə olacaq.

- İlk qonaqlarınız kimlər olacaq?

- Daimi qonaqlar olmayacaq. Bir qonaq bölümümüz olacaq, onun da fərqli tərəflərini göstərəcəyik. Bir balaca keçmiş süjet formatından çıxmışıq. Fərqlilik var, inşallah, izləyəndə görərsiniz.

- Verilişin reytinqinin yüksək olması onun səviyyəsindən asılıdırmı? Hərdən toyxana tipli verilişlər də reytinq əldə edir…

- 7 yaşımdan televiziyadayam. Bu sahədə hər şeyi, televiziyanın dahilərini görmüşəm. 18 yaşımdan isə peşəkar efirdəyəm. 14 ilə yaxındır bu sənətdəyəm. Əvvəllər də ATV ən prestijli kanal idi. O zaman da reytinq üçün çalışmırdıq.

Biz, sadəcə, işimizi yaxşı səviyyədə görməyə çalışırıq. Mənim də ilk vaxtlar səhvim olub, efirdə dilim dolaşıb. Kamera insana təsir edir. Bu qədər verilişlərdə, dövlət tədbirlərində, el şənliklərində aparıcılıq etsəm də, hər tədbirə çıxanda həyəcanlanıram. Mikrofonu əlimə alanda həyəcan keçirirəm. Bu, işə məsuliyyətdən irəli gəlir. Ona görə də işini bilən adam reytinq üçün çalışmır. Heç vaxt fikirləşməmişəm ki, verilişim yaxşı reytinq gətirsin. Mənim tamaşaçım var, verilişimi gözləyir. İnstaqramda hər gün ən azından 15 izləyici verilişimin nə zaman başlayacağını soruşur. Bu, o deməkdir ki, tamaşaçım var və gözləyir.

- Sizin sosial şəbəkədə adi cümləniz belə xəbərə çevrilir…

- Bəli, bu, başıma bəladı...

- Bir çox aparıcılar nə isə paylaşır, amma xəbərə çevrilmir...

- Ona görə mənə qısqanclıqla yanaşanlar var. Sözümə görə üzr istəyirəm. Amma özlərini hər yola atan, min hoqqadan çıxanlar olur ki, təki onlar haqqında nəsə yazsınlar. Heç vaxt çalışmıram ki, yazdığım bir cümləni xəbər etsinlər. Hətta özünüz dəfələrlə görmüsünüz, bəzi media nümayəndələrinə demişəm haqqımda yazmayın.

Biz çox gərgin iş rejimində işləyirik. Bir az vaxtım qalırsa, onu uşağıma sərf edirəm. Onun ana qayğısına ehtiyacı var. Vaxtımın ən gözəl, dəyərli saatlarını onunla keçirməyə çalışıram. Nəinki hansısa restoran, kafeyə getmək... Mən yazı qabiliyyəti olan insanam. Yazarlardan, dramaturqlardan, şairlərdən üzr istəyirəm. Şeirlərim, hekayələrim, oçerklərim var. Onların üzərində işləyirəm. 2007-ci ildə kitabım işıq üzü görmüşdü, bir müddət sonra kitab çıxartdıracam. Bunu tez-tez etmək fikrim yoxdur. Elə bir yaşım gələcək ki, onda insanlar məni daha çox dərk edəcəklər. Heç kimin bilmədiyi dünyam var. İnstaqramda yazdıqlarım daxilimdən gəlir. Əsəbdən haqqımda yazılan xəbərlərə də baxmıram.

- Ondan sonra düşünürsünüz ki, bir daha hansısa mövzularda status yazmayacaqsınız...

- Həmin dəqiqə düşünürəm ki, bir daha filan mövzuda status yazmayacam, artıq bezdirdilər. İnanın, insanlardan ehtiyat edirəm. İnstaqram səhifəmdən digər məşhurlar kimi rahat istifadə edə, nə isə paylaşa bilmirəm. Sizlərə görə çox ehtiyat edirəm (gülür). Müasir televiziya sistemini bilən adamam. Hərdən haqqımda yazılan xəbərə elə başlıq yazırlar ki, narahat oluram. Əvvəl əsəbiləşirdim, səhhətimə pis təsir edirdi. Amma son vaxtlar vecimə almıram. Çünki bilirəm ki, ucuz reklam, reytinq yığmaq üçün xəbərlərdir.

Bilirsiniz, təkbaşına hərəkət edən bir qadınam. Kölgəmdə kimlərsə gəzib, mən kiminsə kölgəsində böyüməmişəm. Himayəmdə qız uşağı var.

Dediyim kimi, əvvəllər haqqımda yazılan yazılan xəbərlərə görə çox əsəbləşirdim. Bu mövzuda dostum Emin Musəvi çox dəstək oldu. Ona minnnətdaram. Ən çətin, stressli vaxtımda bir dost kimi dəstək oldu. Dedi sənin haqqında yazanların özü heç bir şeyə yaramayan, sənin ağlında, düşüncəndə, əxlaqında olmayan, sənin pillənə çata bilməyən insanlardır. Kompüter arxasında o qədər şirlər, pələnglər var ki. Elələri var səhifəmə yaza bilmirlər. Başqa səhifələrdə ağızlarına gələni yazırlar. Onların əksəriyyəti həmkarlarımdır. Sosial şəbəkələrə başqa adla daxil olub, nələr yazırlar, nələr. Haqqımda pis təəssürat yaratamaq istəyirlər. Amma bacarmayacaqlar…

- Ailənizlə bağlı müəyyən müddət efirdən uzaqlaşdınız. ATV-də fəaliyyətinizə başlayanda əvvəlki səviyyəyə gəlməyinizdən qısqanan və narahat olan aparıcılar oldumu?

- Bəli, oldu. Amma özümü elə aparıram, guya başa düşmürəm. Onların sırasında həm kişi, həm də xanım həmkarlarım var. Mövsüm başlayıb, yeni veriliş bir ay gecikib. Tək mənim yox, bir çox veriliş efirdə yoxdur. Artıq qış mövsümünə başlamış sayılırıq. Amma bilirəm ki, nə yaxşı Vüsalə efirdə yoxdur, bəlkə də, olmayacaq deyə sevinirlər. Amma mənə deyirlər, canım, niyə aparıcılığa başlamırsan? Sənin üçün darıxdıq. Bilirəm axı mənim üçün darıxmırsan. Başqa məclisdə arxamca danışırsan. Bu sahədə olanların ağzının qaytanı yoxdur.

- Bəs dostluq etdiyiniz aparıcı varmı?

- Xeyr, deməzdim ki, hər gün bir arada olduğum aparıcı var.

Cavid Gül, Günay Baxşəliyeva və Afaq Gəncəli ilə münasibətimiz yaxşıdır. Ümumiyyətlə, ətrafımda dost yoxdur.

- Niyə?

- Bir vaxtlar çoxlu dostlarım var idi. Adama özlərini elə göstərirlər ki, guya sənin yanındadırlar. Amma pis vəziyyətimdən belə yararlanırlar. Düzdür, təklik Allaha məxsusdur. Amma dediyim kimi hər halından yararlanan insanlar var. Ya yıxılmağını, ya da qalxmağını gözləyirlər. Ona görə də ətrafımı tamamilə təmizlədim. Hər kəslə gözəl ünsiyyətdəyəm. Heç kimlə pis münasibətim yoxdur. Yaxın dostum ailəmdir, anamdır, qızımdır. Dilək artıq böyüyüb. Onunla da dərdləşə bilirəm.

- Tanınmış aparıcısınız. Gələcəkdə tamaşaçı sevgisinin azalmasından qorxursunuzmu?

- Xeyr, qorxmuram. Ailə problemləri yaşayan zaman da aparıcılıq etmək təklif edildi, amma qəbul etmədim. Mənə tələbatın olduğunu bildirdilər. Amma heç yerdə ayrılığımız haqqında danışmadım. Yararlanan insan olsaydım, bəziləri kimi istifadə edərdim. İnsanların gözü qarşısında dava-qırğınla ayrılan cütlük olmadım. Etikamı, mədəniyyətimi, ailəmi qorudum. Arxamda böyüklərim və böyüyən qızım var. Sabah qızım bağçaya, məktəbə gedəcək. İndiyə qədər heç nəyi danışmamışam. Əsl səbəbi o, mən və Allahım biləcək. Mənə cılız reklam lazım deyil. Hətta onu da deyim ki, iki-üç il sonra efirdən getməyi planlaşdırıram.

- Səbəb?

- Bəzi qatarı getmiş aparıcılar kimi olmaq istəmirəm. Hər şeyin öz vaxtı var. Yaş artdıqca insan düşünür ki, olduğum yer yaşıma uyğun deyil. Bu sözü televiziya məkanı üçün demirəm. Sadəcə, bir müddət sonra başqa televiziyaya bağlı işlərlə, uğurlarla görünmək istəyirəm. Bəlkə də, özüm kənarda olacam, işimi görəcəklər. Bu daha yaxşı olacaq. Üzüsulu, hörmətli getmək daha yaxşıdır. 40 yaşlı insanlar var ki, bu yaşda aparıcı olmaq istəyirlər. Məsələn, hansısa sahədə uğur qazana bilməyənlər, müğənnilikdən aparıcılığa, xəbər sektorundan şouya, aktyorluqdan aparıcılığa gəlirlər. Düzdür, dünya televiziyasında da yaşlı aparıcılar var. Amma layiqsənsə, o yer sənə yaraşırsa, 80 yaşında da işləyə bilərsən. Amma yaraşmırsa, efirdə süni qalmaqdansa, çəkilmək lazımdır. Məsələn, Yusif Ağayev efirə yaraşır. Verilişi reytinq də verir. Amma bir çoxları efir məkanında çox cılız görünürlər.

- Qızınız Dilək üçün necə anasınız?

- Qızımın yaxşı böyüməsini istəyirəm. Bu, hər bir ananın arzusudur. Övladın gülüşü insana dünyaları bəxş edir. Onu heç bir sevgi əvəz eləmir. Valideynlərimiz deyəndə ki, övladınız olduqdan sonra ana-ata qədri bilərsiniz, tam qavramırdıq, indi başa düşürəm bu sözün mənasını. Evə nə qədər yorğun gəlsəm də qızımın “Anam gəldi” deməsi, qucağıma qaçması mənə hər şeyi unutdurur. Allah arzusunda olan hər kəsə övlad qismət eləsin.

- Həyat yoldaşınızdan ayrılmısınız. Qızınıza hər iki valideynin sevgisini verə bilirsinizmi?

- O sözü qəbul etmirəm ki, uşağa hər iki valideynin sevgisi lazımdır. Qarşı tərəf sevgisini övladından əsirgəməyəcəksə, heç kim qapını bağlamayıb. Ayda bir dəfə uşaq görməklə, iki-üç saat gəzdirməklə, oynamaqla, ad olsun deyə görüşə aparmaqla sevgi olmur. Uşağı sevəcəksənsə, daim sevməlisən.

Bunu hər iki valideynə şamil edirəm. Fikirləşməsinlər ki, bu gün mənim görüş günümdür, uşağı bu gün görüm. Mən elə bir qadağa qoymamışam. Görüş günlərində Dilək atası ilə də görüşür. Deməmişəm zəng etməyin, qızımı soruşmayın. Mən məcburən uşağımı kiminsə qapısına qoya bilmərəm. Amma istəyənlər nə zaman yadlarına düşürsə, gəlib aparırlar. O sevgini də əsirgəmirəm. Heç vaxt uşağımı öyrətmərəm ki, onları istəmə. Uşaq böyüdükcə kimin necə insan olduğunu bilir.

- Azər bəy müsahibəsində qızının onun indiki həyat yoldaşı ilə xoş vaxt keçirdiyini və tez- tez görüşdüyünü açıqlayıb...

- Uşaq gələndən sonra yenə getmək istəyir, ya yox – budur məsələ. Uşağa anasından əziz heç kim ola bilməz. Sadəcə, qızım gedib oynayır və əylənirsə buna heç nə deyə bilmərəm. Atasıdır və mən onun qarşısını almıram. Ailə qurduqdan sonra iki dəfə görüşüblər. Evlənməli idi və evləndi. Mənə maneçilik törətmir, təsir göstərmir. Mən istəsəydim, ailəmi geri qaytarardım. Amma istəmədim.

- Azər bəyin evlənməsini necə qarşıladınız?

- Bu haqda çox danışmaq istəmirəm. Mənim üçün maraqlı deyildi. Həmin gün toy aparırdım.

- Bir müdət əvvəl müğənnilər tərəfindən evlilik təklifi aldığınızı qeyd etmişdiniz...

- Bəli, bu çoxdan olub. Yeni boşanan vaxtdan olub. Amma mən istəmədim, demirəm ki, evlənməyəcəm. Qız övladım var və onun üçün çox ehtiyat edirəm. Kişi üçün hər şey rahatdır.

- Qızınıza dəstək olurmu?

- Məhkəmə qərarına əsasən atası 117 manat aliment ödəyir. Onu da Diləyin adına bank hesabına köçürürlər. O məbləği istifadə etmirəm. Saxlamışam ki, qızım gələcəkdə istifadə edər. Başqa heç nəyə dəstək olmur. Qızımın bütün yükü üzərimdədir. Çox az aliment ödəyir. O alimentlə uşaq saxlamaq çətindir. Amma mən övladım üçün hər şəraiti yaradıram. Analı-atalı uşaqlardan çox rahat yaşayır. Mənim uşağım çox şanslıdır. Onun üçün hər şey eləyirəm.

- Vüsalə xanım, eşitdiyimizə görə ev almısınız?

- Bəli, ev almışam. Ailəm də kömək etdi. Hamı kimi mən də kredit ödəyirəm.

Rəqsanə

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər